Rusiya, Qazaxıstan və Özbəkistan prezidentləri Rusiya qazının Özbəkistana nəqlinə start veriblər.
Azpost.info bildirir ki, mərasim zamanı Putin bunu “ən böyük üçtərəfli enerji layihəsi” adlandırıb: “Bu, həyata keçirilməsi üçün hələ 60-cı illərdə tikilmiş Mərkəzi Asiya – Mərkəz qaz kəmərinin istifadə olunduğu ən böyük üçtərəfli enerji layihəsidir. O, Özbəkistanın və qismən də Qazaxıstanın artan iqtisadiyyatını təmin edəcək. Qazaxıstan özünün şimal və şərq rayonlarının qazlaşdırılması məsələsini həll edə biləcək”.
Tokayev isə öz növbəsində bildirib ki, Qazaxıstan öz tranzit potensialından tam istifadə etməkdə maraqlıdır və Rusiya qazının nəqlini daha da artırmağa hazırdır.
Özbəkistan Prezidenti bəyan edib ki, respublika bu sahədə uzunmüddətli tərəfdaşlığı inkişaf etdirməyə hazırdır.
Özbəkistanda daxili bazarda tələbatı ödəmək üçün əlavə qaz idxalına təcili ehtiyac var. Rusiya, Qazaxıstan və Özbəkistan liderləri adından ölkələrin müvafiq idarələri 2022-ci ilin sonunda bu məsələni həll etməyə başlayıblar.
Qazprom, Qazaxıstan və Özbəkistanın nümayəndələri Qazaxıstan və Özbəkistanın qaz nəqli sistemlərinin ilkin texniki auditini aparıblar. Onun nəticələrinə əsasən, Rusiya qazının Qazaxıstan ərazisindən “Mərkəzi Asiya – Mərkəz – IV” və “Mərkəzi Asiya – Mərkəz – V” magistral qaz kəmərləri vasitəsilə əks istiqamətdə nəqli üçün xüsusi birləşmiş marşrutun təşkili təklif olunub.
Azpost.info