“Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün siqnal oldu”- Prezident

“Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib”.

Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

“Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır”.

Dövlət başçısı bildirib ki, biz Bakıda gəmiqayırma zavodu inşa etmişik: “Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir”.

Prezident İlham Əliyevin sözlərinə görə, bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb: “Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik. Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir – təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar.

Biz iki dəhliz üzərində yerləşirik – Cənub-Şimal və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz Cənub-Şimal nəqliyyat dəhlizinin Şərq-Qərb dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir”.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə MÜSAHİBƏSİ –

Sonrakı məqalə

“Rusiyanı zorla parçalamaq ölümlə şahmat oyunudur”