“Rus işğalçıları Ukraynadan dəyəri 100 milyon dollardan çox olan 400-500 min ton taxıl oğurlayıblar”.
Azpost.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Nazir bu açıqlamanı mətbuatda Ukrayna taxılını daşıyan Rusiya gəmisinin Suriya sahillərində dayanması ilə bağlı yazıların dərcindən sonra verib.
Qeyd edək ki, CNN telekanalı Rusiyanın Ukraynadan oğurladığı taxılları satdığını yazıb. Kanalın məlumatına görə, satışla məşğul olan üç gəmidən biri – “Matros Pozıniç” Suriya sahillərində görünüb. CNN bunu təsdiq edən peyk görüntülərini də dərc edib.
Aprelin 27-də gəmi Krım sahillərində lövbər salıb və transponderi söndürüb. İki həftə sonra da Suriyada olub. Kulebanın sözlərinə görə, Sevastopoldan taxılla gedən demək olar ki, bütün gəmilər oğurlanmış Ukrayna məhsullarını daşıyır: “Rusiya üçqat cinayətkardır. Suriyanı bombalayıb, Ukraynanın bir hissəsini işğal edib, indi də Suriyaya oğurlanmış Ukrayna taxılını satır. Bu sövdələşmənin iştirakçılarına xatırlatmaq istəyirəm – oğurluq mal heç kimə xoşbəxtlik gətirməyib. Satışda iştirak edən hər kəs – oğurlanmış taxılı daşıyanlar da, alanlar da cinayətin ortağıdır. Sizin hərəkətləriniz adekvat beynəlxalq hüquqi nəticələrə səbəb olacaq. Biz sizin həyatınızı çətinləşdirmək üçün hər şeyi edəcəyik”.
XİN rəhbəri Misir və Livanın Ukraynadan oğurlanmış taxılı almaqdan imtina etdiyini də qeyd edib.
Azpost.info