Rusiyalı politoloq Estoniyada casusluq ittihamı üzrə həbs edildi

Rusiyalı politoloq Vyaçeslav Morozov Estoniyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinib.

Azpost.info xəbər verir ki, Estoniyanın dairə məhkəməsi Rusiya vətəndaşı, Tartu Universitetinin keçmiş professoru Vyaçeslav Morozovu iki ay müddətinə həbs edib,

Bu barədə dövlət ittihamçısı Triina Olev məlumat verib.

İstintaqın təfərrüatları hələlik açıqlanmır. Faktla bağlı Respublika Prokurorluğunun göstərişi ilə araşdırma aparılır.

“Rusiya kəşfiyyat xidmətlərinin Estoniyaya marağı hələ də yüksək olaraq qalır. Mövcud iş ondan çox əvvəlki işlərə əlavədir və Rusiya kəşfiyyat xidmətlərinin Estoniya həyatının müxtəlif sahələrinə, o cümlədən elmi tədqiqat sektoruna nüfuz etmək istəyini nümayiş etdirir”, – polisdən bildiriblər.

Vyaçeslav Morozov Tartu Universitetində politologiya üzrə professor olub. İnstitutun rəhbəri Kristiina Tönisson Morozova qarşı şübhələr yarandıqdan sonra onunla əmək münasibətlərinə xitam verildiyini təsdiqləyib.

Estoniyanın ETIS elmi informasiya sisteminin məlumatına görə, Vyaçeslav Morozov 2010-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində işləyib, ondan sonra isə Tartu Universiteti ilə əməkdaşlıq edib. 2016-2023-cü illərdə Tartu şəhərində Avropa İttifaqı və Rusiyaşünaslıq kafedrasının professoru, 2023-cü il sentyabrın 1-dən 2024-cü il yanvarın 11-dək isə beynəlxalq siyasət nəzəriyyəsi kafedrasının professoru vəzifələrində çalışıb.

Azpost.info

Əvvəlki məqalə

“Qəzzada müharibənin intensiv mərhələsi tezliklə başa çatacaq”

Sonrakı məqalə

Güclü külək əsəcək