Politoloq Zərdüşt Əlizadə Azpost.info-ya müsahibə verib.
Politoloq Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Azərbaycan-Ermənistan sülh sazişi, Yaxın Şərqdəki gərginliyin bölgəyə və Azərbaycana təsirləri, ölkədəki sol partiyalarla bağlı acınacaqlı vəziyyət barədəsualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
-İndiki həssas məqamda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi birmənalı şərh edilmir. Siz Rusiya liderinin ölkəmizə səfərini necə qiymətləndirirsiniz?
-Putinin Bakıya gəlməsində qeyri-adi heç nə yoxdur. Buna təəccüblənən şəxslərə isə mən təəccüblənirəm. Rusiya Azərbaycanla qonşu dövlətdir, bir çox məsələlərdə əməkdaşlıqlar mövcuddur. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa dair yüzlərlə sənəd var. Ölkələr arasında ticarət əlaqələri mövcuddur. Unutmayaq ki, 2022-ci ilin fevral ayında iki ölkə arasında müttəfiqlik haqqında sənəd imzalanıb. Bölgədə təhlükəsizlik sahəsində, terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlıq haqqında razılaşmalar var. Onlara nə dərəcədə əməl olunur-olunmur, bu başqa məsələdir. Amma hər halda iki ölkənin əlaqələrini ehtiva edən sənədlər ortadadır. Bu münasibətləri, əməkdaşlığı, tərəfdaşlığı Rusiya Prezidentinin Azərbaycana gələrək yerində müzakirə etməsi, Azərbaycan Prezidentinin də Rusiyaya gedib müzakirə etməsi adi haldır. Putin birinci dəfə deyil ki, Azərbaycana səfər edir?!
Bəli, sual oluna bilər ki, Ukrayna Rusiyanın ərazisinə hücum edib, müəyyən qədər ərazi zəbt edib, ölkədə vəziyyət gərgindir və belə halda Putin niyə Azərbaycana gəlir. Mən bildiyim qədər Rusiya Prezidentinin Azərbaycana səfər edəcəyi xəbərləri verilən zaman Ukrayna ordusu Kurska hücum etməmişdi. İkincisi, ola bilsin ki, Putin bununla demək istəyir ki, Kurskda baş verənlər xırda məsələdir və Rusiya ordusu bunun öhdəsindən gələcək. Mən demirəm gələcək, yoxsa yox, sadəcə Putin belə görünməsini istəyir.
-Bildirilir ki, Rusiya Prezidentinin Bakıya səfərində əsas məqsədlərdən biri də bölgədəki təhlükəsizlik məsələsini müzakirə etmək olub. Azərbaycan Prezidenti Putinlə mətbuat konfransında da bildirdi ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik Moskva ilə Bakı arasındakı qarşılıqlı fəaliyyətdən asılıdır. Bunu necə qiymətləndirmək olar?
-Cənubi Qafqazda əmin-amanlıq, təhlükəsizlik bölgədə yaşayan xalqlara lazımdır. Bu əmin-amanlığı da, təhlükəsizliyi də pozan dövlət məhz Rusiyadır. Əgər Rusiya bölgədə fəallığını azaltsa, sabitliyin səviyyəsi yüksələr. Bunu Cənubi Qafqazdakı dövlətlər də, xalqlar da yaxşı anlayırlar və çalışırlar ki, Rusiyanı mümkün qədər neytrallaşdırsınlar. Ölkələr mümkün qədər Rusiyanın təcavüzündən, müdaxiləsindən yan keçməyə çalışırlar. Hesab edirəm ki, Cənubi Qafqazın üç ölkəsi içərisində bu siyasəti uğurla aparan ölkə Azərbaycandır. Əlbəttə, biz döyüş meydanında Rusiyaya qalib gəlməmişik ki, onu zərərsizləşdirməyi bacarırıq. Sadəcə vəziyyətə uyğun siyasət həyata keçirilir, Rusiyanın maraqlarına zidd addımlar atmırıq. Moskva da əmindir ki, Azərbaycan ərazisindən ona təhlükə gəlməyəcək. Azərbaycan Rusiyanın iqtisadi maraqlarını imkan daxilində nəzərə alır. Fərz edək ki, Rusiyaya İrana getmək lazımdır, Şimal-Cənub dəmir yolu var və təklif edirik. Digər məsələlərdə də Rusiyanın maraqları təmin olunur. Əlbəttə, Rusiya da Azərbaycanın praqmatik addımlarını düzgün qiymətləndirir.
-Söhbət hansı maraqlardan gedir?
-Azərbaycanın maraqlarına xələl gətirməyən addımlar atılır ki, bu, Rusiyanın da maraqlarının əleyhinə deyil. Məsələn, Azərbaycan Rusiyanın geosiyasi rəqibi olan Qərbə inteqrasiya şüarları səsləndirmirik. Ermənistan Rusiyanın strateji müttəfiqidir, amma bəyan edir ki, Qərbə inteqrasiya edirik. Ermənistanda kifayət qədər nüfuzu olan adamlar deyirlər ki, gərək ölkələri NATO üzvü olsunlar. Azərbaycanda isə bu sözü deyən nüfuzlu şəxslər yoxdur. Bəli, bir neçə şəxs var, onlar da marginal insanlardırlar. Azərbaycan lideri də çıxıb dedi ki, Avropa bizi istəmir, biz də Avropanı istəmirik. Məsələ bununla da bitdi. Rusiya da bunları görür, Azərbaycanın atdığı addımların onun maraqlarına zidd olmadığına əmindir. Söhbət bu maraqlardan gedir. Postsovet ölkələrinin Qərbə inteqrasiyasını Kreml Rusiyanın maraqlarına zidd hesab edir. Gürcüstanın bu siyasətindən qıcıqlandı, sonunu gördük. Ukraynanın Qərbə inteqrasiyası siyasəti illərdir müharibəyə səbəb olub və bu gün də müharibə şiddətini qoruyur.
-Bir sıra siyasi şərhçilər Azərbaycanın Rusiya ilə yaxınlıq siyasəti yürütməsini qeyd edir. Bu iddiaların əsası varmı? Belə isti münasibətlər Azərbaycana nə verə bilər?
-Mən razı deyiləm ki, Azərbaycan Rusiya ilə yaxınlıq edir. Bizim istədiyimiz nədir? Azərbaycan dövləti və xalqı təhlükəsiz yaşasın. Xəritəyə baxanda görürük ki, başımızın üzərində Rusiya kimi nəhəng bir dövlət mövcuddur. Hansı ki, bu dövlət nüvə silahının sayına görə dünyada birinci dövlətdir. Eyni zamanda, beynəlxalq hüququ pozmaq baxımından Rusiyanın tayı-bərabəri yoxdur. Belə bir yırtıcı dövlətin qonşususansa, o zaman təhlükəsizliyin naminə onunla dil tapmalısan. Bu gün Azərbaycan Rusiyadan gələ biləcək təhlükələri mümkün qədər zərərsizləşdirməyə çalışır. Bu da görüntüdə Rusiyaya yaxınlığa bənzəyir. Axı biz milli maraqlarımızı güdaza vermədən elə münasibətlər qururuq ki, Rusiya da bundan razıdır. Hesab edirəm ki, Rusiyanı cırnatmaq axmaqlıqdır. Azərbaycan rəhbərliyi Rusiyanı cırnatmaq siyasəti həyata keçirmir, bu da düzgün siyasətdir.
-Azərbaycanla Ermənistan arasında sülh sazişinin perspektivi nə qədərdir? İlin sonunadək sülh müqaviləsinin imzalanması mümkündürmü?
-Sülh sazişinin perspektivi var, amma yaxın vaxtlarda deyil. Azərbaycanın Ermənistandan sülhlə bağlı tələbi var. Qəti istək ondan ibarətdir ki, Ermənistan mövcud olan konstitusiyasını dəyişsin. Çünki ana qanunlarında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu iddialar rəsmən ləğv edilmədən Azərbaycan saziş imzalamayacağını bəyan edib. Ermənistan hökuməti isə 2026-cı ilin dekabr ayında yeni konstitusiya layihəsini hazırlamağı, ondan sonra proseduru başlatmağı planlaşdırdığını açıqlayıb. Konstitusiya müzakirələrdən sonra referenduma çıxarılmalıdır. Bu da 2027-ci ilə təsadüf edir. Yəni 2027-ci ildə sülh sazişi imzalana bilər. Çünki rəsmi İrəvanın 2027-ci ilədək konstitusiyada dəyişiklik etmək niyyətində görünmür.
Amma bir məsələ də var ki, gərginliyi azaltmaq məqsədilə ümumi müddəalardan ibarət hansısa bir sənəd, bəyannamə imzalana bilər. Məsələn, bütün beynəlxalq hüquqi sənədlərlə təsdiqlənmiş 5 ümumi prinsip əsasında müəyyən razılığın əldə olunması barədə “bəyannamə” adlandırılan sənədin imzalanması mümkündür. Qarşılıqlı etimadın yaradılması, inkişafı üçün belə bir addımın atılması istisna deyil.
-Məlumdur ki, Yaxın Şərqdə gərginlik davam etməkdədir. Xüsusilə, HƏMAS siyasi qanadının lideri İsmayıl Haniyənin Tehranda qətlindən sonra müharibə ehtimalı artıb. Bunun bizim bölgəyə təsirləri nə ola bilər?
-Çox mənfi təsirləri var. İranın İsraillə müharibəsi istəsək də, istəməsək də Cənubi Qafqaza, xüsusilə də Azərbaycana təsirsiz ötüşməyəcək. Amma əsas sual budur: müharibə olacaqmı? Mən düşünmürəm ki, genişmiqyaslı müharibə baş versin. Yaxın Şərqdə qarşılıqlı hücumlar, qətllər davam edəcək. Həm də o vaxtadək davam edəcək ki, beynəlxalq hüququn tələb etdiyi kimi, ədalətli qərar veriləcək. Bu da Fələstin dövlətinin yaradılmasıdır. Fələstin dövləti yaradılmadığı, İsrail onu tanımadığı müddətdə münaqişə, qətllər, hücumlar olacaq. Amma bunun genişmiqyaslı müharibə ilə nəticələnəcəyi ağlabatan deyil. Bu gün İran dövlətinin əlindən heç nə gəlmir. Qarşısında İsrail kimi yırtıcı dövlət dayanıb, onun da arxasında yırtıcı ABŞ dayanıb. Baxın, İsrailin himayəçisi olan ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan neçə dövlətə hücum edib?! Bir dəfə görmüsünüz ki, kimsə ABŞ-ı cəzalandırsın? Əlbəttə, yox. İran isə bu dövlətlərlə müharibə aparmaq istəmir. Tehran sadəcə Fələstinin ərazilərini işğaldan azad etməsi istiqamətində mübarizə aparan qüvvələri dəstəkləyir. İranın bundan artıq əlindən nəsə gəlmir. Bundan sonra da İran HƏMAS-a da, Hizbullaha da dəstək göstərəcək. Amma İsraillə, ABŞ-la müharibə aparmaq İrana sərf etmir. Ona görə də biz dərindən narahat olmamalıyıq.
-Daxili siyasi vəziyyətdən də sualım var. Qurucusu olduğunuz Azərbaycan Sosial Demokrat Partiyası ləğv edildi. Bunu necə qiymətləndirirsiniz?
-Qurucusu olsam da, artıq 25 ilə yaxındır ki, o partiya ilə heç bir bağlılığım yoxdur. Ona görə də fəaliyyəti, yaxud da özünü buraxması, yaxud da qeydiyyatının ləğv edilməsi və s. məsələlərlə maraqlanmıram. Bu sualı həmin partiyada olanlara, onun üzvlərinə versəniz yaxşıdır. Mən hansısa qiymətləndirmə etmək istəmirəm.
-Ümumiyyətlə, Azərbaycanda sol yönümlü partiyalar niyə inkişaf edə bilmədi?
-Bu barədə çox danışmışam, təkrar etmək istəmirəm. Sol partiyaların niyə inkişaf etməməsinin səbəblərindən saatlarla danışmaq mümkündür. Qısaca demək istəyirəm ki, solçu partiyaları həmkarlar ittifaqları, fəhlə sinfi inkişaf etdirir. Bizdə isə həmkarlar ittifaqları demək olar ki, yoxdur. İkincisi, Azərbaycanda heç sağ yönümlü partiyalar da inkişaf etməyib. Yəni demək ki, sağ partiyalar siyasi meydanda uğur qazanır, amma ortada sol partiyalar mövcud deyil, ədalətsizlik olar. Səbəblərdən biri də Azərbaycanda partiyaların inkişafına imkan və şəraitin yaradılmamasıdır.
Anar ABDULLA
Azpost.info