Sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
“Belə ki, adıçəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır. Həmçinin Esmira İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H. Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilib. Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilmiş, lakin vəzifə tutulmadığından Esmira İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam etdirmişdir.
Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılmış və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi Esmira İbrahimovadan götürülmüşdür. Eləcə də məsələ ilə əlaqədar şəhər Prokurorluğunda araşdırma başlanılmışdır. Araşdırmanın nəticəsinə əsasən, Esmira İbrahimova barəsində müvafiq tədbir görüləcək.
Təəssüflə bildiririk ki, bəzi media qurumları məsələnin mahiyyətinə varmadan həqiqi olmayan məlumatı yaymaqla doğru xəbər prinsipinə əməl etmirlər”, – məlumatda qeyd olunub.