Səhiyyə Nazirliyi vətəndaşları qızılcaya qarşı peyvənd olunmağa çağırıb

Ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Belə ki, ölkə ərazisində Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir.

Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, nazirlik əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır.

Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.

Əvvəlki məqalə

Prezident İlham Əliyev akademik Arif Paşayevi təbrik edib

Sonrakı məqalə

Qəbul imtahanlarının vaxtı açıqlanıb