Dörd Avropa ölkəsindən İsrailə xəbərdarlıq –E1 yaşayış layihəsinə etiraz

Fransa, Almaniya, Böyük Britaniya və İtaliya İsrailin işğal altındakı İordan çayının qərb sahilində E1 yaşayış layihəsi çərçivəsində tikinti tenderləri elan etmək planını pisləyib.

“Reuters”in məlumatına görə, dörd ölkənin liderləri birgə bəyanat yayaraq İsrail hökumətinin E1 layihəsi üzrə tikinti tenderlərini elan etmək qərarını “qəbuledilməz” adlandırıblar.

E1 layihəsi niyə narahatlıq yaradır?

E1 layihəsi Şərqi Qüds ilə Maale Adumim yaşayış məntəqəsi arasında yeni yaşayış ərazisinin salınmasını nəzərdə tutur.

Layihənin həyata keçirilməsi Fələstin tərəfi və bir sıra ölkələrdə ciddi narahatlıq doğurur. Əsas səbəb E1 ərazisində tikintinin İordan çayının qərb sahilinin şimal və cənub hissələri arasında faktiki əlaqəni kəsə biləcəyi barədə narahatlıqlardır.

Bu isə gələcəkdə Fələstin dövlətinin ərazi bütövlüyü və iki dövlətli həll perspektivi baxımından ciddi nəticələr yarada bilər.

Avropa ölkələri nə deyir?

Fransa, Almaniya, Böyük Britaniya və İtaliya hesab edir ki, İsrailin bu qərarı bölgədə gərginliyin azaldılması və uzunmüddətli siyasi həll istiqamətində aparılan səylərlə uyğun gəlmir.

İordan çayının qərb sahili 1967-ci il müharibəsindən sonra İsrailin nəzarətinə keçib. Hazırda burada milyonlarla fələstinlinin arasında yüz minlərlə israilli məskunlaşan yaşayır.

Beynəlxalq ictimaiyyətin böyük hissəsi və BMT strukturları İsrailin bu ərazilərdə yaşayış məntəqələrinin salınmasını beynəlxalq hüquqa zidd hesab edir. İsrail isə bu mövqeyi qəbul etmir və ərazi ilə bağlı tarixi və dini əlaqələrinə istinad edir.

E1 layihəsinin reallaşması Yaxın Şərqdə onsuz da mürəkkəb olan siyasi vəziyyəti daha da gərginləşdirə və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll perspektivi ətrafında yeni mübahisələrə səbəb ola bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.