Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır?

Bəzən başqa birinin kartına pul göndərəkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər.

Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir. Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Banco.az-a bildirib ki, səhvən başqasının kartına pul göndərəndə birinci növbədə vətəndaş öz bankına müraciət etməlidir: “Vətəndaşın öz bankı da pul köçürülən kartın hansı banka aid olduğunu müəyyən edib, həmin banka müraciət etməlidir ki, səhv ödəniş həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə bildirməlidir ki, sizin kartınıza səhvən vəsait daxil olub.

Həmin şəxs razılıq verdiyi halda, bank pulu geri qaytarmalıdır. Lakin şəxs razılıq verməyə də bilər. Bu halda isə artıq vətəndaş məhkəməyə müraciət etməlidir. Çünki başqa yol yoxdur. Buna da Mülki Məcəllədə əsasız varlanma deyilir”.

Qeyd edək ki, Mülki Məcəllənin (MM) 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur.

Hüquqşünasın sözlərinə görə, məhkəmə əsasında pulun geri qaytarılması haqqında iddia verilməlidir: “Lakin burada da bir problem var. Bu bank sirri olduğu üçün vətəndaş pulun kimin hesabına getdiyini bilməyəcək. Çünki pul gedən şəxsin bankı onun adını açıqlaya bilməz. Bu halda isə faktiki olaraq vəsaitin səhvən köçürüldüyü bankı məhkəməyə vermək olar. Bu zaman məhkəmə banka həmin hesabın kimə aid olmasını bilmək üçün sorğu verəcək. Bundan sonra həmin şəxsdən pulu geri istəyəcəklər”.

 

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın bank sektorunda vəziyyət necədir? –

Sonrakı məqalə

Sülhməramlılarının Qarabağdakı daha bir müşahidə məntəqəsi bağlanıb