Şərabımızın dadı və bazarda yeri necədir?

 Azərbaycandan şərabçılıq və onun ixracı üçün böyük potensial mövcuddur. Son dövrlərdə üzümçülüyün və şərabçılığın inkişafı üzrə qəbul olunmuş Dövlət proqramları bu sahənin inkişafında mühüm rol oynayır.

Azərbaycanda üzümçülük ənənəvi istehsal sahələrindən biridir.

1980-ci illərdə ölkəmizdə 210 şərab zavodu var idi və burada 151 mindən artıq fəhlə və mütəxəssis işləyirdi. Zavodlarda 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilirdi.

Bu sahənin sürətli inkişafı ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə olub. Belə ki, 1970- ci ildə üzüm istehsalı 351,7 min ton idisə, 1984-cü ildə üzüm yığımı 6, məhsuldarlıq ən yüksək həddə çatmaqla 99,2 sentner təşkil edib.

Lakin SSRİ-də aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edildi.

Müstəqilliyin ilk illərində Azərbaycanda üzümçülük və şərabçılıq əvvəlki şöhrətini bərpa edə bilməmişdi.

Ölkədə üzümçülük və şərabçılığın bərpası istiqamətində atılan ilk addımlardan biri 19 oktyabr 2001-ci il tarixində qəbul olunmuş “Üzümçülük və şərabçılıq haqqında” Qanun oldu.

Bundan əlavə, üzümçülüyün inkişafı üzrə tədbirlərin sırasında «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi sənədlər də mühüm rol oynadı.

Lakin ən əhəmiyyətlisi Prezidentin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” oldu. Bu sənəd, respublikada üzümün və onun emal məhsullarının istehsalını artırmağı, ölkə əhalisinin təzə və keyfiyyətli üzümə tələbatını daha dolğun ödəməyi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatını yaxşılaşdırmağı nəzərdə tutur.

Hazırda ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Dövlət Proqramına əsasən, 2025-ci ilədək şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracının 5 dəfə artırılması hədəflənir.

Azərbaycanda 2005-ci ildən başlayaraq üzümçülükdə müşahidə olunan tənəzzülün qarşısı alınıb. Hazırda respublika üzrə 16,1 min hektar üzüm sahələri mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir.

2016-cı ildə 136,5 min ton, 2017-ci ildə 152,8 min ton üzüm tədarük edilib. 2018-ci ildə isə Azərbaycanda üzümün əkin sahəsi 16,1 min hektar, istehsalın həcmi 167,6 min ton olub.

Emal sənayesinin yerli üzümlə təminatını yaxşılaşdırmaq üçün isə bu sahənin stimullaşdırılması vacibdir. Bu baxımdan Aqrar Subsidiya Şurasının 2020-ci ildən etibarən üzüm bağı salındığı ildən ilk 4 il ərzində 1 hektara 600 manat, 4 ildən sonrakı illər üzrə isə 240 manat subsidiya verilməsini qərarlaşdırması müsbət addımdır. Həmçinin üzüm tingi istehsalçılarına da dövlət büdcəsinin vəsaiti hesabına dəstək verilir.

Qeyd edək ki, üzüm və şərab istehsalının artırılmasına dövlət rəhbərliyi səviyyəsində də böyük diqqət var.

Ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aqrar sektorda aparılan islahatlar nəticəsində bütün şərab və ilkin şərab emalı, şampan və konyak zavodları özəlləşdirməyə açıq elan edilərək onların bazasında 53 səhmdar cəmiyyəti yaradılmış, qalan 82 emal müəssisəsi isə kiçik müəssisə kimi özəlləşdirilib.

2017-ci ildə üzüm şərabı istehsalı 1 020,1 min dekalitr təşkil edib və 2016-cı illə müqayisədə 2,4 faiz artıb. 2018-ci ildə üzüm şərabı istehsalı 49 faiz artaraq 1 500,3 min dekalitr olub.

Dövlət Proqramına əsasən, şərab ixracının 2017-ci ildəki 375 min dekalitrdən 2025-ci ildə 1875 min dekalitrə çatdırılması hədəflənib.

Digər tərəfdən ölkədə turizmin sürətli inkişafı da yerli şəraba tələbatı artıra bilər. Bu da öz növbəsində yerli istehsalın artırılmasını şərtləndirir.

Dövlət tərəfindən də ixracın artması üçün müvafiq dəstək verilir. Ölkəmizdən üzüm məhsulları ixrac olunur. 2018-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycandan təzə üzüm ixracı 2,3 milyon ABŞ dolları məbləğində olub.

Amerika Şərab İqtisadiyyatçıları Assosiasiyası (AAWE) dünyanın 60 ən böyük şərab ixracatçısı olan ölkələrin siyahısında Azərbaycan 7,7 mln. ABŞ dollarlıq şərab ixracı ilə Rusiyanı qabaqlayaraq 58-ci pillədə qərarlaşıb.

Təzə üzüm əsasən Rusiyaya, Birləşmiş Ərəb Əmirliklərinə və Qazaxıstana ixrac edilib. İxracda əsas dəyərə isə təbii üzüm şərabları malikdir.

Azərbaycanın əsas ixrac ölkəsi isə Rusiya Federasiyasıdır. 2018-ci ildə Azərbaycanın təbii üzüm şərablarının ixracının 83 faizi Rusiyanın payına düşüb. Bununla yanaşı, Çinə, Belarusa, Qırğızıstana, Ukraynaya, Gürcüstana və digər ölkələrə də ixrac həyata keçirilib.

İxracı artırmaq üçün kəskin rəqabətə də hazır olmaq vacibdir. Hazırda dünya üzrə şərab və şərabçılıq məhsullarının ixracı təqribən 1 milyard dekalitr təşkil edir. Ən çox məhsul ixrac edən ölkələr isə İspaniya, İtaliya, Fransa, Çili, Avstraliya, CAR, ABŞ, Almaniya, Portuqaliya, Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Azərbaycan rəqabətqabiliyyətli şərab istehsal etməklə ixracda bu ölkələrlə mübarizə apara bilər.

Son illər ölkəmizdə üzümçülüyün inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb.  Üzüm istehsalı və emalı sahəsinin inkişafına dövlət tərəfindən 40 milyon manatdan çox güzəştli kredit verilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən şərab və digər spirtli içki məhsullarının dünya bazarında daha çox tanıdılması və satışının təşkili üçün artıq 3 yerdə “Azərbaycan Şərab Evi”nin yaradılmasına nail olunub.

Şərab və şərabçılıq məhsulları istehsalçıları və ixracatçıları arasında fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb.

Şərab istehsalçıları dövlət dəstəyi ilə dünyanın şərabçılıq sahəsində ən mötəbər sərgilərində iştirak edirlər. Təbii üzüm şərabları və üzüm suslosu ixracatçısına gömrük dəyərinin 6 faizi qədər ixrac təşviqi ödənilir. 2018-ci ildə üzüm şərabları və digər spirtli içkilər ixrac edən sahibkarlara 826 min manat məbləğində ixrac təşviqi ödənilib.

Ölkədə şərabçılıq sahəsində əlverişli bazar mühitinin yaradılması və bu sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə şərab və şərabçılıq məhsullarının istehsalına, idxalına və satışına xüsusi icazə (lisenziya) alınması tələbi ləğv edilib.

Aparılan təhlillər göstərir ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından dəfələrlə azdır. Mövcud vəziyyətə ilk növbədə şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir. Son illərdə Azərbaycanın şərab məhsullarının keyfiyyəti ilə bağlı yaşanan problemlər də onun ixracının məhdudlaşdırılmasında rol oynayır.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətlərindən biri istehsal olunaraq istehlak bazarına çıxarılan və ya ixrac olunan rəqabətqabiliyyətli

üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi, istehsal və ixracın artırılması, daxili bazarın haqsız rəqabətdən

qorunmasıdır. Qarşıdakı illərdə üzüm və şərabın ixracını artırmaq potensialı mövcuddur. Ölkədə turizmin sürətli inkişafı da yerli şəraba tələbatı artıra bilər və bu da öz növbəsində yerli istehsalın artırılmasını şərtləndirir. Burada qarşıda duran əsas problemlərdən biri isə üzüm və şərab məhsullarımızın Rusiya bazarlarından asılılığıdır. Onun üçün də ixracın şaxələndirilməsi istiqamətində işlər sürətləndirilməli, Çin bazarında daha aktiv rol alınması üçün tədbirlər görülməlidir.

Digər tərəfdən üzüm və şərab istehsalındakı problemlərin həlli, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının potensialının gücləndirilməsinə dəstək verilməsi, rəqabətqabiliyyətli şərabçılıq məhsullarının istehsalının təşkili zəruridir. Məhz qeyd edilənlər reallaşdığı təqdirdə təbii üzüm şərablarının ixracının dəyərini 2025-ci ilə kimi 30 milyon ABŞ dollarına çatdırmaq mümkün ola bilər. Bu, qeyri-neft sektoru üzrə ixracın artırılması hədəfinin reallaşmasına töhfə verər.

İqtisadçı Pərviz Heydərovun fikrincə, şərabçılıq tarixən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayıb və aparıcı sahələrdən biri sayılıb. Onun sözlərinə görə, sovet dövründə təkcə üzümçülükdən gələn vəsaitlər respublikanın dövlət büdcəsinin 40%-ni təşkil edirdi. Bütövlükdə kənd təsərrüfatının isə Azərbaycan dövlət büdcəsində payı 60%-ə bərabər idi. Müqayisə üçün qeyd edək ki, hazırda bu rəqəmin 90%-dən çox neft və qaz sektorunun payına düşür.

Ekspertin sözlərinə görə, aparılan təhlillər göstərir ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından hələki dəfələrlə azdır. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir.

Bəs, bütün bunlara rəğmən, bu sahədə nəyə görə idxal ixracdan üstündür? İdxal fasiləsiz olaraq niyə artır? Səbəb nədir?

Çünki bunu daxili istehlak belə tələb edirdi. 2019-cu ildə Azərbaycanda 531,72 min dekalitr şərabçılıq məhsulları istehsal edilib ki, bu da 2018-ci illə müqayisədə 64,5 faiz az deməkdir.

İstehsal azaldıqda təbii ki, ixrac da aşağı düşəcək və daxili bazarın idxaldan asılılığı artacaq. Bu onu göstərir ki, ölkənin qeyri-neft sektoru sahəsinin şərabçılıq sektorunda çox ciddi çatışmazlıqlar mövcuddur. Və bu, mütləq araşdırılmalı – ciddi təhlil olunmalıdır.

Ekspertin sözlərinə görə, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından xeyli dərəcədə aşağıdır. Bu vəziyyət ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması ilə izah edilirdi. Lakin tendensiyanın gedişatı bunun heç də belə olmadığına işarə edir. Problemin kökü əslində başqa amillərdədir. Belə ki, ya istehsal rəqabətə davamlı deyil, ya onun uçotu dəqiq deyil, ya da daxili bazar müəyyən idxalçı işbazların nəzarəti altındadır.

Ölkədə şərabçılığın inkişafı daha əsaslı şəkildə nəzarətə götürülməli və bu dəfə tamamilə yeni əsasda özünü büruzə verməlidir. Bunun üçün isə sözügedən sahədə həyata keçirilən dəstək tədbirləri zamanı, şərab istehsalçılarının da maraqları əsas götürülməli, istehsal olunan məhsulların ilk növbədə daxili bazar olmaqla, dünya bazarlarında da rəqabət qabiliyyətliliyi və qiymətinin münasib olması məsələsi başlıca hədəf seçilməlidir.

Aqrar elmləri doktoru, professor Zaur Rzayevin sözlərinə görə, üzümçülük iqtisadi baxımdan gəlirli sahədir. Məsələn, bir hektar üzüm bağından əldə olunan maddi gəlir müvafiq pambıq sahəsindən 2,7, dənli-paxlalı bitkilərdən 3,9, tərəvəzdən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə yüksəkdir.

Alim deyib ki, Azərbaycanın coğrafi ərazisi, təbii torpaq-iqlim qurşaqları isə üzüm plantasiyaları sahəsini 150 min hektara, istehsalını 1-1,2 milyon tona çatdırmağa imkan verir.

Üstəlik, Azərbaycanın işğaldan azad olunmuş cənub rayonlarında üzümçülüyün genişləndirilməsi imkanları da var. Yaxın gələcəkdə bu ərazilərdə  üzümçülüyün inkişafının ölkə iqtisadiyyatına mühüm töhfə verəcəyi şübhəsizdir.

Rzayevin sözlərinə görə, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” aqrar-sənaye kompleksinin rentabelli və ən qədim sahələrindən olan şərabçılığın innovativ texnologiya əsasında inkişafına yönəlib.

Alim hesab edir ki, müasir dövrdə Azərbaycanda üzümçülüyün inkişaf problemləri ilə məşğul olan elmi-tədqiqat institutlarında süfrə üzümü və şərabçılıq istiqamətində istifadə olunan yeni iqtisadi əhəmiyyətli sortların yaradılması, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Hazırda ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas hədəflərdən biridir. Sözügedən dövlət proqramının məqsədi də 2025-ci ilə qədər ölkədə şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

H.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Çin öz vətəndaşlarını izləmək üçün bu ölkələrdə qeyri-rəsmi polis məntəqələri qurub

Sonrakı məqalə

QMİ sədri Moskvada Patriarx Kirillə görüşəcək