Səxavət Əlisoy ADR Partiyasından istefa verdi:"Qubad İbadoğlu partiyanı QHT kimi idarə edir"

Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy hərəkatdan istefa verib.
 Azpost.info bildirir ki bu barədə Səxavət Əlisoy öz feysbuk səhifəsində yazıb.
İstefasının səbəbləri olaraq Q.İbadoğlunu partiyanı yarıtmaz idarəçiliyini göstərib: “Yeni qurumda gənc və yaşlı nəsil arasında “körpü” olacağını, cəmiyyətdə reytinqini və sair detallar nəzərə alınaraq Qubad İbadoğlunun sədrliyinə razılaşdıq. Ən önəmli razılaşma o oldu ki, yaranacaq qurum populizmdən uzaq dayanacaq və konstruktiv siyasi xəttlə gediləcək. Təəssüf ki, populizmdən, şüarçılıqdan uzaq dayanmaq mümkün olmadı”.
S.Əlisoy deyib ki, o da bəlli oldu ki, Qubad İbadoğlunun Bakıya dönüşü baş tutan iş deyil və o, partiyanı qiyabi olaraq, daha dürüstü onlayn yolla idarə etmək fikrindədir: “Qubad İbadoğlu Hərəkatın Məclis sədrliyinə də yüklənmişdi. İlk vaxtlar o və onun yaxın çevrəsi izah edirdilər ki, bu müvəqqətidir. Ancaq hələ də o, Məclisə sədrlik etməkdə davam edir. Birinci müavin Vurğun Əyyub dünyasını dəyişdikdən sonra Qubad İbadoğlu o postu kimsəyə rəva bilmədi və ADR Hərəkatının son qurultayında ümumiyyətlə birinci müavin postu ləğv olundu”.
“Bəlli oldu ki, sədrin formalaşdırdığı İH və Məclisdə heç bir alternativ fikir və təklif keçə bilməz.
Məclisin iştirak etdiyim son toplantısında söz alıb Qubad İbadoğlunun gözünün içinə dedim ki, belə idarərtmə olmaz, Bakıya dönə bilmirsənsə, birinci müavinə həvalə et işi. Hətta birinci müavin olaraq da Adil Qeybullanın namizədliyini təklif etdim. Olmadı. Sonra pandemiya, daha sonra sağlamlığımda problem yarandı və bir müddət Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşdüm.
Qubad İbadoğlu Londonda yaşayır və işləyir (ona başarılar diləyirəm) Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədri. Birinci müavin postu belə yox. Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisə mi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.
ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı.
ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz.
“Sən, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısan, Qubad bəy.Sən QHT incəliklərini mükəmməl bilən bir ictimai xadimsən, Qubad bəy. Partiya, Hərəkat QHT qayda-qanunları ilə idarə oluna bilməz.
Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz.
Bilirsən ki, səni heç vaxt lider kimi görmədim. Çünki sən tək adam idarəçiliyinin mən kollektiv, ortaq ağılın tərəfindəyəm. Biz eyni yolun yolçuları deyilik, hörmətli Qubad bəy
Sənə və İH-də səni “Azərbaycanın xilaskarı” kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq, sağlamlıq arzulayıram.
P.S. Şəxsimə görə ADR Hərəkatına üzv olanlara məsləhətim belədir: Qərar özünüzün”.
Əvvəlki məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılla Qubadlıya səfər edib

Sonrakı məqalə

Bakıda Türk Dövlətləri Təşkilatının dini liderlərinin üçüncü toplantısı keçirilir