Saatda 5 dollar qazananlar –Polşada azərbaycanlı miqrantlar necə işləyir?

Son illərdə Polşa azərbaycanlıların işləmək üçün üz tutduğu ölkələrdən birinə çevrilib. Hazırda orada 13 728 Azərbaycan vətəndaşı işləyir. Jurnalist Rəvanə Səmədova həmin işçilərin vəziyyəti barədə chaikhana.media üçün yazı hazırlayıb. 

Məqalə Friedrich-Ebert-Stiftung, Georgia dəstəyi ilə ərsəyə gətirilib.
Azpost.info həmin yazını oxucularına təqdim edir:

…Kənan Həsənov Polşanın Krakov şəhərində poçt mərkəzlərindən birində əşyaların çeşidləndirilməsi işini görərək saatbaşı 5 dollardan bir qədər az (18 Polşa zlotu) qazanc əldə edir. Gəliri Polşada müəyyən edilmiş minimum əməkhaqqıdan aşağı olsa da, 30 yaşlı Kənan deyir ki, bu, Azərbaycanda fəhlə olaraq qazandığından daha yaxşıdır.

“Rusiyada işləmək üçün ölkədən getdim… Bir neçə ildən sonra Türkiyəyə yola düşdüm və tekstil fabrikində işləməyə başladım. İllərdir Polşaya gəlmək istəyirdim”, o deyir.

Kənan hazırda Polşada iş vizası ilə fəaliyyət göstərən 13728 Azərbaycan vətəndaşından biridir. Avropa İttifaqının (Aİ) rəsmi statistika orqanı olan “Avrostat”ın məlumatına görə, Polşa Aİ ölkələri arasında ən çox azərbaycanlı əmək miqrantın yaşadığı yerdir. Polşa Statistika Komitəsinin 2022-ci il üzrə məlumatında qeyd olunur ki, iş icazəsi verilmiş azərbaycanlıların sayı 2017-ci ildə 1336 nəfər idisə, 2021-ci ildə bu rəqəm 3782-ə yüksəlib. Bu statistika Polşada qeyri-qanuni işləyən Azərbaycan vətəndaşlarının sayını əks etdirmir.

Polşaya postsovet ölkələrindən əmək miqrasiyası regionda böyük bir tendensiyadan xəbər verir. Buna qədər işçi miqrantların ənənəvi köç etdiyi yerlər Rusiya və Türkiyə olub. İqtisadçı Fərid Mehrəlizadə qeyd edir ki, Polşaya işləmək üçün gedən azərbaycanlıların əksəriyyətinin ali təhsili yoxdur və onlar Polşanın sənaye və kənd təsərrüfatı sektorunda işə cəlb olunurlar. “Polşada sənayedə, kənd təsərrüfatında çoxlu kadr ehtiyacı var. Bu baxımdan hökumət əmək qüvvəsini miqrasiya hesabına təmin etməyə çalışır. Buna görə də hazırda akademik bilik tələb olunmayan miqrantların cəlb edilməsində maraqlıdırlar”, o deyir.

Bu işçi qüvvəsinə yaranmış tələb qismən onunla əlaqədardır ki, Polşa vətəndaşları daha yaxşı maaşlı iş üçün Qərbi Avropaya miqrasiya edir, nəticədə əmək bazarında  boşluq yaranır. İşçi qüvvəsi çatışmazlığını həll etmək üçün Polşa hökuməti Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün iş vizası şərtlərini davamlı olaraq sadələşdirir.

29 yaşlı Yaqub Yusifov Azərbaycanda ofisiant kimi gündəlik 12-14 saat işlədiyinə baxmayaraq, ailəsini dolandıra bilməyib. Buna görə də o, Polşaya getməyə qərar verib. Yusifov iş vizasını asanlıqla əldə etsə də, qismən pandemiya səbəbindən yaxşı maaşlı iş tapmaqda çətinlik çəkib: “İşləməyi nəzərdə tutduğum zavod pandemiyanın təsiri ilə dayanmışdı. Buna görə də bir türkiyəli ilə dönərxanada işləməyə başladım. Təxminən 1 ay həmin yerdə qala bildim. İşin şərtləri çox ağır idi. İş səhər saat 12-də başlayırdı, gecə saat 11-də bitirdi. İstirahət isə həftənin 1 günü idi”, – deyə Yaqub şəraitin Azərbaycandakı köhnə işindəki kimi olduğunu xatırladır.

“Bundan sonra azərbaycanlı bir tanışım vasitəsilə hazırda çalışdığım qapı-pəncərə sexindəki işi tapdım və işləməyə başladım”.

Yaqub Yusifov ilk dövrlərdə saatbaşı təxminən 10 zlot ( 2,39 dollar) alırdı ki, bu da Polşadakı minimum əməkhaqqından xeyli aşağıdır. Ancaq təxminən on aydan sonra o, usta köməkçisi vəzifəsinə yüksələrək saatına 28-29 zlot qazanmağa başlayıb.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, azərbaycanlı əmək miqrantları qismən də Azərbaycan hökumətindən dəstəyin olmamasına görə ədalətli maaşı və yaxşı şərtləri olan iş tapmaqda çətinlik çəkirlər: “Mövcud miqrasiya məcəlləsi daha çox əcnəbi vətəndaşlara Azərbaycanda iş icazələrinin verilməsi, onların reyesterinin aparılması, əmək kvotasının tətbiq edilməsi kimi məsələləri əhatə edir”, o deyir.

“Məcəllədə azərbaycanlı miqrantların getdikləri ölkələrədə hüquqlarının qorunması ilə bağlə müddəalar da öz əksini tapıb. Burada hüquqların müdafiəsi dedikdə onların getdikləri cəmiyyətə inteqrasiyası, sənədləşmə işlərində dəstəyin göstərilməsi və s. kimi məsələlər də nəzərdə tutulur. Amma bütövlükdə əgər hansısa Azərbaycan vətəndaşı xarici ölkədə əmək fəaliyyəti ilə məğul olmaq istəyirsə, bu, dövlət səviyyəsində baş vermir”.

Miqrasiya üzrə mütəxəssis Əlövsət Əliyev deyir ki, miqrantların xarici ölkələrdə çətinliklə üzləşməsinin səbəbi Azərbaycanın qeyri-adekvat siyasətidir: “Azərbaycanlı əmək miqrantları dövlət orqanları tərəfindən müdaifiə olunmurlar. Görünən mənzərə odur ki, hökumət bu məsələdə heç maraqlı da deyil. Buna görə də biz tez-tez azərbaycanlı miqrantların daha az məvacib qarşılığında işlədiyinin şahidi oluruq ki, bu da onların hüquqlarının pozulması deməkdir”, o bildirir.

Bu məsələyə ən yaxşı nümunə elə Kənan Həsənovdur: o, 2015-ci ildən xaricdə işləyir. “2015-ci ildən bəri işsizliyə görə ölkə-ölkə gəzirəm. Əvvəllər Rusiya, Türkiyədə işləmişəm, son olaraq isə bura – Polşaya gəlmişəm”, o deyir.

“2018-ci ildə ilk dəfə bura gəlmək istəyəndə bütün sənədlərimi hazırladım və iş icazəsi üçün səfirliyə müraciət etdim. Həmin vaxt Polşadan iş dəvəti əldə etmişdim. Ancaq onda səfirlik mənə imtina verdi. Səbəb olaraq isə mənə göndərilən iş dəvətinin yetərsiz olması göstərilmişdi”.

Həsənov sonradan iş vizası əldə etməyə nail olub Polşaya köçə bilsə də, indiyədək saathesabı minimum gəliri – 22.80 zlotu belə qazana bilmir.

Miqrasiya üzrə mütəxəssis Əlövsət Əliyev hesab edir ki, Kənan kimi işçiləri qorumaq və xaricdə qeyri-leqal işləyən azərbaycanlıların sayını azaltmaq üçün bir sıra addımlar atılmalıdır.

“Miqrasiya sahəsində xüsusi proqramların qəbul olunmasına ehtiyac var. Hökumət Avropada və digər yerlərdə işçi tələb olunan ölkələri və iş yerlərini müəyyən etməlidir. Daha sonra həmin ölkələrlə müqavilələr imzalamalı və azərbaycanlı əmək emiqrantlarının boş iş yerlərinə göndərilməsi ilə bağlı tədbirlər görülməlidir”.

35 yaşlı Cabbar Əliyev kimi fəhlələr isə hələ ki, şanslarından istifadə etməyə çalışırlar – Azərbaycanda qoyub getdikləri ailələrinə daha çox maddi dəstək verə bilmək üçün.

Əliyev gündəlik 10 saat işləməklə saatına 22 zlot qazanır. Bu, Polşada qanuni minimum məvacibdən bir qədər az olsa da, onun fikrincə, Azərbaycanda qazana biləcəyi məbləğdən çoxdur.

“Polşaya gələndə mövcud şərtlər səbəbilə ailəmi Azərbaycanda qoyub tək gəlməli oldum.  Aylıq qazancımın 20%-ni ailəmə göndərirəm, bu da təxmini 600 manat edir. Azərbaycanla müqayisədə gəlirimin daha çox olması, ailəmin ehtiyaclarını qarşılamaq baxımından Polşa daha yaxşı seçim olsa da, onlardan uzaq qalmaq məsələsi var ki, bu da zaman keçdikcə daha da çətinləşir”.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb

Sonrakı məqalə

“Dəhliz açılsa ermənilər İrana gəlmək üçün Bakıdan icazə almalı olacaq” –