“Sabah” avrokuboklardakı debüt oyununda qələbə qazanıb

Bakının “Sabah” klubunun avrokuboklarda debütü uğurlu alınıb.

İyulun 26-da Bakı təmsilçisi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Latviyanın RFŞ komandasının qonağı olub.

Latviya klubunun start heyətində Pavel Şteynbor, İsmael Diomande, Emerson, Roberts Savaļniyeks, Sedrik Kuadio, Andrey İliç, Herdi Prenqa, Pyotr Mareş, Stefan Panits, Adam Marxiyev və Jiqa Lipuşçek yer alıblar.

“Sabah”ın heyətində meydana Yusif İmanov, Amin Seydiyev, Con İrasabal, Sofian Çakla, Boyan Letiç, Elvin Camalov, Aleksey İsayev, Kristian da Silva, Davit Volkov, Anatoli Nuriyev və Namik Ələskərov çıxıblar.

Yurmala şəhərindəki “Sloka” stadionunda keçirilən görüşdə hesabı Bakı təmsilçisi açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiç adını tabloya yazdırıb. Bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub. Qarşılaşmanın ilk hissəsi “Sabah”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

“Sabah” klubu ikinci hissədə də üstün oyun nümayiş etdirib. Bakı təmsilçisinin gürcüstanlı hücumçusu Davit Volkov 56-cı dəqiqədə ikinci topu rəqib qapısından keçirib.

Çexiyalı baş hakim Yan Maxalekin idarə etdiyi matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.

Bakı təmsilçisi RFŞ-i turnirdən kənarlaşdırsa, növbəti mərhələdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Üçüncü təsnifat mərhələsinin görüşləri avqustun 10-da və 17-də oynanılacaq.

Əvvəlki məqalə

Ermənistanın razılaşdırmadan “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir

Sonrakı məqalə

“Ağdam yolu açılacaq, Bakı ilə danışıqlara başlamaq lazımdır” –