“Şahruddinin sabah oynamaq şansı çoxdur”- Qurban Qurbanov

“Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı oynayırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la Bakıdakı cavab oyunu ərəfəsində 51 yaşlı mütəxəssisin mətbuat konfransı keçirilib.

Qurbanov sabah baş tutacaq matç barədə fikirlərini açıqlayıb: “Üstünlük bir az rəqib tərəfdədir. Amma hər bir halda, geridə qalan günlərdə pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıdıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Futbolçularım oyunun gedişində bunu hiss etməlidirlər. Bu komandaya qarşı heç bir an belə, oyundan qopmaq olmaz. Rəqibi analiz etmişik. Futbolçularla söhbətimiz olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq. Buna ehtiyac var. Hər bir futbolçu oyuna məsuliyyətli hazırlaşıb”.

– Şahruddin Məhəmmədəliyev buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilir. Sabah yenə ona güvənəcəksiniz, yoxsa hansısa alternativ gözlənilir?

– Bəli, yazılanlardan məlumatım var. Amma bu kollektiv oyundur. Start heyəti sabah bilinəcək. Oynamaq şansı da çoxdur. Bu gün tam vaxtımız var. Bizim fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir oyunçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız.

– İlk oyundan sonra konfransda demişdiniz ki, rəqibi daha yaxşı tanıdınız. Bu haqda nə deyəcəksiniz?

– Bəli, belə ifadə işlətdim. Hər rəqiblə ilk oyundan sonra belə fikir bildirirəm. “Rakuv”u daha yaxından tanıdıq. Nə düşünürdüksə, onları da gördük. Hətta komandanın ciddi, daha da yaxşı səviyyədə olduğunu gördük. Bakıdakı oyunda Polşadakı oyundakından tam fərqli olmalıyıq. Xüsusən də, oyunda heç bir saniyə oyundan qopmalı deyilik. Bizim hamımız üçün maraqlı rəqibdir. Bu rəqibə hörmətlə yanaşırıq. Hər bir komandanı təkcə öz oyun üslubunu yox, klubun iş prinsipi ilə yaxından maraqlanıram. “Rakov” qısa müddətdə uğurlara imza atıb, ildən-ilə keyfiyyətli iş qurub, nəticələr əldə edib. Ötən mövsüm çempion olublar. Bu komandanın tam ciddi olduğunu daha da anladım. Polşada da demişdim ki, “Rakov”a simpatiyam oyandı. Rəqib göstərdiyi oyun sistemini, fəlsəfəni çox yaxşı yerinə yetirir. Hamı düşünür ki, bu sistemdə oynayanlar müdafiəyə önəm verir. Qətiyyən belə deyil. “Rakov”a uğurlar arzulayıram. Bu, idmandır. Amma sabah Polşadakından daha ciddi olmalıyıq. Olacağıq da.

– “Rakuv”un sabiq baş məşqçisi Marek Papşun deyib ki, onların mərhələ adlamaq şansı yüksəkdir. Bu komandanın memarı odur. Ancaq o gedəndən sonra “Rakuv” Papşunun vaxtındakı kimi səliqəli müdafiə olunmur. Sizcə də, belədir?

– Bu komandanın sistemində yaxşı iş qurulub. Bu gün görünən budur ki, “Rakov” elə formalaşıb ki, hansısa məşqçi getsə də, iş prinsipləri, sistemləri qalacaq. Sadəcə onu icra edənlər, hansı səviyyədə edəcək, fərqli sualdır. Onlara qarşı qışda da yoldaşlıq görüşü oynamışdıq. Deməmişdim ki, dəyişiklik var. Əksinə, indi komandada inam var, daha yaxşı bir-birinə inanırlar. Təcrübələri də artıb. Baş məşqçisi futbolun içində böyüyüb, yaş olaraq çox deyil. Amma işində məsuliyyətlidir, işlərini yaxşı icra edirlər. Deməzdim ki, müdafiə xətti zəifləyib. Futbolda görürsən ki, bir anlıq hansısa sistem pozulur. Futbolçularım da istifadə etdilər və iki qol vurduq. “Rakuv” təkcə müdafiədə yox, hər yerdə yaxşı müdafiə oluna bilir. Desəm ki, zəif tərəfləri var, düzgün çıxmaz. Amma bu komandaya qol vurmaq üçün daha aktiv olmalıyıq. Çünki çox yaxşı müdafiə bacarığı və hücum potensialı olan komandadır.

– Sabah Juninyonun meydana çıxmaq şansı var?

– Vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə iştirak edib.

– Sabah komandanız qalib gəlmək üçün daha çox nəyə fikir verməlidir?

– Bəzi elementləri bildirdim. Futbolda belə termin var ki, əgər qalib gəlmək istəyirsənsə, öz oyununu oynamaq istəyirsənsə, rəqibə imkan verməmək lazımdır. İlk növbədə “Rakuv”a imkan verməməliyik ki, oyunlarını qursun. Digər tərəfdən futbolçularımın fərdi ustalığı ola bilər ki, yaxşı nəticə etmək üçün vacib olsun. Amma hər bir halda, öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Çünki bu günə qədər əldə edilən nəticələr bu prinsiplərə görə olub. Amma 90 dəqiqə və ya artıq biz oyundan çıxmalı deyilik. Futbolçularımın bütün konsentrasiyası oyuna olmalıdır.

Qeyd edək ki, “Qarabağ” – “Rakuv” qarşılaşması saat 20:00-da başlayacaq.

Əvvəlki məqalə

“ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinə NATO-ya hücum kimi baxacaq”

Sonrakı məqalə

Turistlər “Vaqner”ə görə Polşaya səyahət etməkdən qorxurlar