Şair Yafəs Türksəs vəfat edib.
Bu barədə APA-ya tənqidçi Əsəd Cahangir məlumat verib.
Yafəst Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişdi.
Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək.
Azərbaycan Yazçılar Birliyinin üzvü Yafəs Türksəs (Əliyev Yafiz Təhməz oğlu) 1954-cü ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. 1972-ci ildə Balyand kənd orta məktəbini bitirib. 1978-ci ildən hərbi xidmətini başa vuraraq, təsərrüfatın müxtəlif sahələrində çalışıb.
Yafəs Türksəs bədii yaradıcılığa orta məktb illərində şeirlə başlayıb. Şeirləri 1985-ci ildən dövrü mətbuatda dərc olunur. İlk şeir kitabı Rəsul Rza Fondu tərəfindən çap olunub. Hazırda 6 şeir, 6 publisistik kitabın müəllifidir. Uzun illərdir ki, mərkəzi çoxtirajlı qəzetlərdə sosial-siyasi məsələlərə həsr olunmuş çoxsaylı yazılarla çıxış edir. “Yazar” ədəbi-bədii qəzeti və eyniadlı jurnalın təsisçisi və baş redakatoru olan Yafəs Türksəs hazırda Azərbaycan şeirinin tanınan imzalarından biri sayılır.
Allah rəhmət eləsin.