Seçki ilə bağlı media monitorinqi açıqlandı

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı seçki kampaniyasının ilk mərhələsində medianın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib.

Azpost.info Amerikanın Səsi-nə istinadən bildirir ki, hesabatda 11 dekabr 2019-cu ildən 16 yanvar 2020-ci ilədək (seçki kampaniyası başlamadan öncə) medianın monitorinqi əksini tapıb.

Araşdırma obyektləri AzTV, İTV və “Real” TV, “AzərTAC” Dövlət İnformasiya Agentliyi (www.azertag.az), rəsmi “Azərbaycan” qəzeti, “Report”, “Turan” informasiya agentlikləri, “Meydan TV” İnternet-nəşr, müxalifəyönlü “Azadlıq” (www.azadliq.info) qəzeti olub.

Televiziya kanallarında monitorinq 37 gün ərzində hər gün 4 saat “prime-time”ı (saat 19.00-dan 23.00-a qədər) əhatə edib. Hakimiyyətin xeyrinə informasiyanın mütləq üstünlük təşkil etməsi, hökuməti tənqid edən materialların və müxalifət haqqında müsbət informasiyanın olmaması aşkar edilib.

Həmçinin medianın obyektivlik, tərəfsizlik, qərəzsizlik, plüralizm kimi universal prinsiplərinə əməl olunmaması aşkar edilib. Monitorinqlər müəyyən edib ki, telekanallar demokratik cəmiyyətdə yayımçıların həyata keçirdikləri funksiyalardan uzaqdır.

Etik prinsiplərə riayət edən resurslar arasında “Turan” agentliyi və “Meydan” TV-nin adları çəkilib. Dövlət KİV-ləri – “Azərbaycan” qəzeti və “AzərTAC” agentliyi hakimiyyətin xeyrinə çox sayda material dərc edib, lakin müxalifətə qarşı materiallar da az olub.

Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının, ədalətli və şəffaf seçkilərin keçirilməsinin dəstəklənməsi üçün bir qrup ictimai fəal tərəfindən 2013-cü ildə yaradılıb. Hazırda IDI-nin rəsmi qeydiyyatı yoxdur. Qeydiyyat məsələnin həll üçün məhkəməyə müraciət olunmuş, lakin yerli səviyyədə bütün məhkəmələr Ədliyyə Nazirliyinin imtina qərarını qüvvədə saxlamışdır. 6 aprel, 2016-cı ildə IDI öz hüquqlarının təminatına nail olmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Hazırda kommunikasiya yekunlaşıb və IDI qərarın çıxmasını gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabadda dializ böhranı-

Sonrakı məqalə

Rusiyada fillər sirkdən qaçdı –