Seçki sisteminə dəyişikliklər olacaq, proprsional qaydanın bərpası gözlənilir –Deputatdan AÇIQLAMA

“İndiki seçki sistemində bələdiyyə və parlament seçkilərində partiyaların iştirakı üçün hədsiz dərəcədə sənədlərə ehtiyac var. Bu isə partiyalar üçün müəyyən dərəcədə çətinliklər yaradır. Mənə elə gəlir ki, bu, təzələşdirilməlidir”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycanda seçki qanunvericiliyi kifayət qədər mükəmməldir və zaman-zaman təkmiləşərək müasir səviyyəyə qalxıb. Lakin deputatın fikrincə, bununla bərabər, praktika göstərir ki, cəmiyyət inkişaf etdikcə onun önə çəkdiyi məsələlərə adekvat addımlar, digər sahələrdəki kimi, seçki qanunvericiliyində də aparılmalıdır.

F.Ağamalının sözlərinə görə, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir (Azərbaycanda parlament seçkiləri majoritar qaydada keçirilir. Namizədlər partiya siyahısından yox, fərdi verilir): “Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı”.

F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: “Son parlament seçkilərindən sonra cənab prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan 1995-ci ildə olduğundan fərqli bir demoqrafik göstəricilərə malikdir (Azərbaycan təkrar müstəqillik əldə etdikdən 4 il sonra -1995-ci ildə ilk parlament seçkiləri keçirilib): “Buna görə də, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər. Mənə elə gəlir ki, buna da baxmaq olar. Bunun 150-175 civarında (hazırda 125 deputat yeri var) və yarısının proporsional, yarısının majoritar sistem ilə müəyyənləşməsi məqsədəuyğun olardı. Bu, Azərbaycan əhalisinin artımına adekvatdır”.

F.Ağamalı bildirib ki, seçki sistemində müəyyən dəyişikliklər gözlənilir, lakin bu, Avropa Şurasında hansısa məsələnin qaldırılması ilə bağlı deyil: “Bu, cənab prezidentin apardığı son siyasi islahatların effektivliyini daha da gücləndirmək baxımından önə çəkilən məsələlərdən biridir. Biz yaxın gələcəkdə o məsələlər ətrafında yenidən fikir mübadiləsi aparacağıq. Ola bilsin ki, bu dəyişikliklər olacaq. Bəzi dəyişikliklər konstitusion dəyişikliklərdir – istər seçki sisteminin tətbiqi, istərsə də millət vəkillərinin sayının artırılması. Qalan təkmilləşmələr Milli Məclisin səlahiyyətləri çərçivəsindədir və orada ciddi problem yoxdur”.

Azərbaycanda son seçkilər 2020-ci ilin fevralın 9-da keçirilib. Bu, növbədənkənar parlament seçkiləri olub. Bu seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və AŞPA-nın birgə Müşahidə missiyasının bəyanatında vurğulanırdı ki, məhdudlaşdırıcı qanunvericilik, siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda 16 milyon dozaya qədər peyvənd vurulmalıdır” –

Sonrakı məqalə

Yeni qaydaları qəbul etməyənlərin “WhatsApp” hesabı məhdudlaşdırılacaq