Serj Sərkisyanın partiyası hazırlanan “Sülh sazişi”nin mətnini yaydı –Xankəndi Azərbaycan Konstitusiyasını qəbul edəcək

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkədəki səhifəsində Avropa İttifaqının vasitəçiliyi ilə hazırlandığı iddia olunan Azərbaycan və Ermənistan arasında imzalancaq “sülh sazişinin layihəsi”ni yayımlayıb. 

Aşotyan bu sənədi “qalmaqallı” adlandırıb və bəyan edib ki, Paşinyan “Qarabağı birdəfəlik təhvil verməyə” hazırlaşır.  O iddia edib ki, bu sənəd Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə müzakirə edilib.

“Sülh sazişi”nin mətnində qeyd olunur ki, bu sazişlə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar. Müqaviləyə Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə dair bənd salınıb.

Ermənistan danışıqların sonunda Qarabağ ermənilərinin hüquq və təhlükəsziliyinin vacibliyi barədə bəyanatla çıxış edəcək. Bakı öz növbəsində Qarabağ ermənilərinin nümayəndələri ilə danışıqlara başlayacaq. Mətndə qeyd olunur ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası çərçivəsində riayət olunacaq. 

Həmçinin bildirilir ki, Azərbaycan və Avropa İttifaqı Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi barədə məsləhətləşmələr aparacaq. Bakı prosesə ATƏT-in milli azlıqlar üzrə Komissarını cəlb edəcək. Avropa İttifaqı Qarabağ erməniləri ilə əlaqəni dəstəkləyəcək.

A.Aşotyan bu sənədin mənbəyini açıqlamayıb, rəsmi İrəvan isə “kompromatı” şərh etməyib. 

Xatırladaq ki, Rəsmi Bakı Qarabağa hər hansı status vermək təkliflərini rədd edib, eyni zamanda yeri erməni əhalisinin hüquqlarını təmin olunması üçün onlarla birbaşa dialoqa getməyə hazır olduğunu bəyan edib.

Ermənistan iqtidarı öz növbəsində bəyan edib ki, Qarabağ məsələsi ərazi xarakteri daşımır və orada yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlıdır. Bundan əvvəl Praqa sammitində Ermənistan Alma-Ata Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bununla İrəvan keçmiş DQMV-in Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edib.

Bu baxımdan Aşotyanın açıqladığı bu sənəddə qeyri-adi heç nə yoxdur.

Hazırda tərəflər yeni sülh sazişi üzərində çalışırlar. Bir müddət əvvəl Bakı müqavilənin yeni mətnini İrəvana təqdim edib. Erməni tərəfi də bu mətn üzərində işi tamamlayaraq Bakıya göndərib. Həmin varinat Münhendə görüşdə müzakirə olunub. Prezident İlham Əliyev görüşdən sonra mediaya bildirib ki, Ermənistanın mövqeyində müəyyən tərəqqi var.

ABŞ Dövlət Departamenitnin nümayəndəsi Ned Prays dünən açıqlayıb ki, yaxın zamanda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir.

Belə şəraitdə görünür İrəvanda rusyönümlü siyasi qüvvələr bu “kompromat”la cəmiyyəti ayağa qaldırmağa cəhd edirlər.

Əvvəlki məqalə

G7 ölkələri bu il Ukraynaya 39 milyard dollar yardım ayıracaq

Sonrakı məqalə

Putin Paşinyanla telefonla danışdı