Şeyxin Qarabağ səfərinin ölkə daxilinə mesajı –

QMİ sədri xristian və katolikləri Ağdam məscidinə niyə apardı?
22 Aprel 2021 - 00:46

Vətən Müharibəsində şanlı ordumuz tərəfindən azad olunmuş rayonların durumu bütün ölkəni, region və dünya ölkələrini şoka salıb.

Göz önündə qorxunc tablo canlanır: Viranə qoyulmuş yerlər, bütünlüklə dağıdılmış şəhərlər, kəndlər, vəhşicəsinə eşilərək sökülmüş qəbristanlıqlar, məscidlər, kilsələr, mədəni abidələr…

Özünü dünyaya “qədim və sivil dəyərlər daşıyıcısı olan xalq” kimi dürtməyə çalışan mənfur düşmənin bu 28 ildə Azərbaycana məxsus rayonlarda qoyduğu “mədəni iz” göz önündədir.

Müharibə bitdikdən sonra bu vəhşiliyi dünyaya göstərmək üçün ciddi addımlar atıldı. Prezident İlham Əliyev azad olunmuş rayonlara səfərlər edərək oradan bütün dünyaya səsləndi, erməni qəsbkarlarının vandalizmini pislədi və tərəqqipərvər bəşəriyyəti bu vəhşiliyə biganə qalmamağa çağırdı. Ondan sonra Prezident Administrasiyasının təşkilatçılığı ilə bir neçə dəfə diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, jurnalistlər, siyasi partiya rəhbərləri Ağdama, Cəbrayıla, Füzuliyə səfər edərək müharibədən əvvəl bütün infrastrukturlara malik olmuş, indi isə vəhşi düşmənin əli ilə xarabaya çevrilmiş rayonlarıın vəziyyətini gözləri ilə gördülər.

Bu gün həqiqəti gizlətmək, təhrif etmək çox çətindir. Erməni dairələrinin bu ittihamların fonunda susması, sualdan qaçmaları törətdikləri hərbi cinayətin etirafı sayıla bilər. Azərbaycan viranə edilmiş, talanmış ərazilərinin miqyasını dünyaya göstərməklə tələb etdiyi maddi zərərin ödənilməsi üçün haqlı olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin dağıdılmış rayonlara səfəri ölkə daxilinə mesaj, bütün ictimai-siyasi spektr üçün çağırış sayılmalıdır: Belə səfərləri təşviq etmək bütün ictimai qurumların fəaliyyətində başlıca yer tutmalıdır.

Hər bir cameə əli çatan, ünü yetən, əlaqədə olduğu xarici təşkilatların nümayəndələrini Azərbaycana dəvət etməklə Qarabağın bu ürəkparçalayan xarabalıqlarını göstərməlidir.

Dövlət başçısının çağırışına ilk reaksiya isə Qafqaz Müsəlmanları İdarəsindən gəldi. Aprelin 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən dini icma rəhbərlərinin Ağdama səfəri bu baxımdan yaddaqalan oldu. Ağdamın yarıuçuq məscidindən dünyanın nufuzlu din xadimlərinə, Vatikan rəhbərinə müraciət edərək dağıdılımış Qarabağa, onun dini və mədəni abidələrinə biganə qalmamağa çağıran Şeyxülislamın bəyanatı səmavi dinlərin –xristian, yəhudi, katolik, alban ruhanilərinin dəstəyi ilə müşaiyət olundu.

Belə həmrəylik mühüm amildir.

Səmavi dinlərin Azərbaycandakı nümayəndələrinin bağlı olduğu beynəlxalq dini qurumlar, nufuzlu kilsə təşkilatları, ruhani birlikləri üçün onların mövqeyi vacibdir. Vatikanda, Yerusəlimdə, Patriarxlıqda eşidilən bu səslər Azərbaycanın mövqeyini gücləndirir, düşmən təbliğatının qarşısını alır.

QMİ sədrinin beynəlxalq dini təşkilatlarda bununla bağlı mövqeyi də həmişə birmənalıdır.

Bu baxımdan Şeyxülislamın səfərini daxili ictimai müstəvi üçün mesaj saymaq olar. QMİ sədri ictimai qurum olaraq öz çapında səfəri təşkil etməklə mesaj verdi ki, belə təşəbbüslər dayanmamalıdır.

Yaradıcı təşkilatlar, Milli Məclisin parlamentlərarası dostluq qrupları, AYB, Diaspora Komitəsi, Bəstəkarlar İttifaqı və s. qurumlar belə səfərləri təşkil etməklə baş vermiş barbarlığın, düşmənin iç üzünün açılmasına yardım göstərmiş olacaqlar.

Yaradıcı qurumlar üçün bu xüsusən əhəmiyyətlidir. Müharibənin ağrılı tarixini, qələbə sevincini və şəhid talelərini kitablarda, musiqilərdə, kinofilmlərdə əks olunması qarşıda duran zəruri məsələdir. Bunun üçün müharibə mənzərələrinin real görüntüləri yazıçıya, rəssama, şairə viranə qalmış yurdun ağrılarını duymaq, duyğularını ifadə etmək üçün imkanlar verir.

Azərbaycan Yazıçılar Birliyinin azad edilmiş ərazilərə səfəri və yaradıcı adamların təəssüratları bu vəhşiliyin sözlə ifadəsi üçün kədərli bazası ola bilər. AYB-nin dünyanın tanınmış yazıçıları, şairləri, yaradıcılıq ocaqları ilə sıx əlaqəsi var. Azərbayacana dəvət edilmiş yazıçı və şairlərin Qarabağa səfəri xüsusi jest kimi yadda qalacaq.

Dağıdılmış Qarabağ  kompleks yanaşmanı tələb edən məsələdir. Bir ucu insan hüquqlarından başlayaraq ta flora və faunaya qədər uzanır. Vəhşi düşmən Qarabağda təkcə mədəni abidələri məhv etməyib, insan haqlarını pozub, bütöv bir elin etnoqrafik -mədəni sistemini yer üzündən silib. Qarabağın nadir bitkilərini əhatə edən florası, faunası dağıdılıb. Hər bir qurum öz sahəsində bu faktları təqdim etsə bütöv mənzərənin əldə olunmasına gətirib çıxaracaq.

Müharibənin nəticələri musiqidə, filmlərdə izini qoymalıdır. Xüsusən sənədli filmlər bu baxımdan vacib sahədir. Dünyanın nufuzlu kino festivallarında göstərmək üçün peşəkar tələbələrə uyğun çəkilmiş belə filmlər Azərbaycanın hansı bir vəhşi düşmənlə üz-üzə qaldığını xarici tamaşaçıya göstərə bilər, rəssamlar öz tabloları ilə bu ağrının portretini çəkər, şairlər sözlərlə ifadə edərlər.

Ölkənin ümumi probleminin yekdil şəkildə belə təqdimatı həm ictimai-siyasi platformanın vahidliyinin göstəricisi sayılır, eyni zamanda xarici ölkələrin bəzi maraqlı dairələrinin niyyətlərini gözündə qoyur. QMİ sədrinin təşəbbüsündən sonra baş tutacaq növbəti səfərlər xain düşmənin törətdiyi vandalizmin ifşası üçün yeni fürsətlər verə bilər.

Aydın İbrahimov