Şeyxüilslam Qazaxıstanda dini lidelrərin sammitində hansı çağırışı edib?

Qazaxıstanın paytaxtında  14-15 sentyabr tarixində keçirilmiş Dünya və ənənəvi din liderlərinin VII Qurultayı dini liderlərin görüşü və dialoqu üçün vacib toplantı oldu.

“Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu” mövzusunda keçirilən Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimləri qatılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu mühüm tədbirdə iştirak edib.

İlk olaraq Qazaxıstan prezidenti Kasım Comərt Tokayev Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Prezident qardaş Azərbaycan və Qazaxıstan xalqları arasındakı dostluğun möhkənmləndirilməsindən və əməkdaşlıqdan danışıb. QMİ sədri öz növnəsində Kasım Jomərt Tokayevin Bakıya rəsmi səfərinin Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinə verdiyi töhfənin əhəmiyyətini qeyd edib.

Görüzş zamanı qeyd edilib ki, beynəlxalq cəmiyyəti birləşdirməyin yeganə yolu konfessialararası dialoqdan keçir.

Sentyabrın 14-də Müstəqillik sarayında işinə başlayan VII Qurultayın açılışının sonunda mükafatlandırma mərasimi olub. Şeyxülislam Allahşükür Paşazadə Dinlərarası dialoqa töhfələrinə görə Astana Beynəlxaq Mükafatına layiq görülüb və Qurultayın Fəxri medalı ilə təltif olunub.

 

İclasda çıxış edən QMİ sədri bu qurultayı qlobal dinlərarası dialoq müstəvisi olaraq müstəsna əhəmiyyət daşıdığını deyib.  Şeyx bu toplantının dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforma kimi mühümlüyünü vurğulayıb. A.Paşazadə deyib ki, pandemiya dönəmdə cəmiyyətdə baş qaldıran sosial-iqtisadi problemlərin həlli üçün mənəvi amil mühüm rol oynayır, insan həmrəyliyi aktuallıq kəsb edir.

Nifrət çağırışları və dözümsüzlük təzahürlərini  bəşər üçün dəhşətli təhlükə mənbəyi adlandıran Şeyxülislam bildirib ki, konfessiyalararası sülh və anlaşma, dinlərarası dialoq sülh, təhlükəsizliyin formalaşmasına böyük töhfələr verə bilər.

Dini lider olaraq bütün siyasət xadimlərə müraciət etdiyini bəyan edən QMİ sədri onları dünyanı xilas edəcək ideyalara üstünlük verməyə, silahların susdurulmasına, barış mühitinin bərqararı naminə diplomatik səyləri dəstəkləməyə çağırıb.

Şeyxülislam dünyada silahlanmanın təhlükəli həddə çatmasından narahatlığını açıqlayıb. O qeyd edib ki, hərbi xərclər artdıqca hərb düşüncəsi şüurlara daha artıq hakim olmaqdadır. “Təəssüflər olsun ki, silahlanmaya trilyonlarla vəsait sərf olunur, halbuki, çəkilən xərclərlə dünyanın müxtəlif qitələrində, xüsusilə, Afrika ölkələrində bir parça çörəyə, bir içim suya möhtac, səfalətə düçar olmuş milyonlarla insanın bütün sosial-humanitar problemlərini həll etmək olardı. Dünya siyasətini yönləndirən idarəçilər bu barədə düşünməli, mərhəmətli olmalıdırlar. Dini liderlər, öz növbələrində, çağırış və moizələri ilə qarşıdurma və münaqişələrə yol verilməməsi üçün milyonlarla ardıcıllarını barış və qarşılıqlı ehtiramın hökm sürdüyü cəmiyyətlər kimi formalaşdırmaq yönündə fəaliyyətlərini daha da artırmalıdırlar”-deyə Şeyxülislam vurğulayıb.

QMİ sədri Azərbaycanın 30 illik işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini bildirib və işğal dövründə Qarabağda yandırılmış torpaq, məhv edilmiş təbiət, vandalizm və həqarətlərə məruz qalaraq dağıdılmış mədəni-mənəvi irs, basdırılmış saysız-hesabsız minaların  ciddi problemlər yaratdığını açıqalyıb.

QMİ sədri Ermənistanın katolikosunun regionda müharibə təbliğatına yönəlik açıqlamalarından təəssüfləndiyini bəyan edib. O deyib ki, bu gün də bəzi din xadimləri öz xalqlarını sülhə deyil, müharibəyə, qarşıdurmaya çağırır.

Səfər çərçivəsində QMİ sədrinin zəngin görüş proqramı olub.

Bu baxımdan Şeyxülislamın Səudiyyə Ərəbistanının İslam işləri, vəqflər, çağırış və irşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Al-Şeyx ilə görüşü diqqət çəkir. QMİ sədri Azərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəklədiyinə görə Krallığa təşəkkürünü bildirib.

Bundan savayı Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. Moratinos ölkəmizin sivilizasiyalararası dialoq müstəvisində qabaqcıl və fəal rolundan, Azərbaycanın siyasi rəhbərliyinin və dini liderinin bu istiqamətdə dəyərli səylərindən məmnunluğunu ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin son müqəddəs günləri Kilsəsinin on iki Həvari Şurasının Ağsaqqalı Ulisses Soares ilə, Moskva Patruarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy ilə görüşüb. Görüş çərçivəsində dinlərarası əməkdaşlıq müstəvisində perspektivləri müzakirə edilib.

Yaddaqalan görüşlərdən biri Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman ruhani idarələrinin rəhbərləri — dini liderləri ilə görüş olub. Müsəlman dini liderlər qarşıdakı birgə fəaliyyət planları barədə fikir mübadiləsi aparıb, gələn ay Azərbaycanda keçiriləcək tədbirləri, Şuşa görüşünə hazırlığı, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderləri Şurasının təsis olunması və Əsasnaməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyib ilə görüşdə isə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub.

Azərbaycan və Qazaxıstan dünya sivilizasiyalarının qovuşuğunda yerləşir. Bu baxımdan hər iki ölkə üçün dini və mədəni müxtəlifliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətidir. Tarixi “Böyük İpək Yolu” dəhlizi vasitəsilə Şərq ilə Qərbi birləşdirən Qazaxıstan dinlərarası münasibətlərin inkişafına çox dəyərli töhfə verir. Dini liderlərin Qurultayı xalqlar və dinlər arasında dialoqun və əməkdaşlığın inkişafı üçün faydalı platformadır.

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üçün geniş imkanlara malikdirlər. Onu da vurğulamaq lazımdır ki, Qazaxıstanın hərtərəfli dəstəyi sayəsində Türk Dövlətləri Təşkilatının Dini Liderləri Şurasının yaradılması reallaşıb. Oktyabrda Bakıda keçiriləcək zirvə görüşü yeni əməkdaşlıq meydanı üçün geniş imkanlar açacaq.

Aydın ABBASOV

 

 

Əvvəlki məqalə

Moldovada prezident Maya Sandunun istefası tələbi ilə aksiya keçirilib

Sonrakı məqalə

İranın Yunanıstandakı səfirliyinə hücum olub