Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanda səfərdədir –Patriarx II İlya ilə görüşüb (FOTOLAR)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfər edib.

Azpost.info bildirir ki, Gürcüstan respublikasına yola düşən Şeyxülislam həzrətlərini Gürcüstan hava limanında Gürcüstanın dövlət rəsmiləri, hökumət, parlament rəhbərliyi və din xadimləri qarşılayıblar.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstan Patriarxlığının nümayəndələri Tbilisidə Heydər Əliyev adına parkda ülu öndərin büstünü ziyarət ediblər, önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə görüşüb. QMİ sədrinin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb. O, Tbilisi Cümə məscidinə də baş çəkəcək, Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirəcək.

Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyul ayının 19-da Ümum Gürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşüb.
Azərbaycan nümayəndə heyətini salamlayan Gürcüstanın Patriarxı Azərbaycan xalqına ən xoş arzularını yetirib. Gürcüstan və Azərbaycanın hər zaman bir yerdə olmaları, eyni mövqedən çıxış edərək çətinliklərə qarşı birgə mübarizə apardıqlarını deyib. Azərbaycanı Gürcüstanın böyük dostu adlandıran II İlya Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin ehtiramını bildirib.
Daha sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu qeyd edərək, Patriarx II İlya dostluğun uzaq dövrdən başlandığını və bu dostluğun Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunub saxlanılmasındakı rolundan danışıb.
Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsini xüsusi olaraq qeyd edən Hacı Allahşükür Paşazadə erməni din xadimlərinin bu gün də revanşist çağırışlar etdiyindən təəssüfləndiyini vurğulayıb.

“Erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənirəm”-deyə Şeyxülislam Allahşükür Paşazadə görüşdə deyib. Onun sözlərinə görə, erməni din xadimləri gəncləri silahlanmağa və öldürməyə çağırır.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ermənistanın zəbt etdiyi ərazilərin işğaldan azad edildiyini bildirib: “Bu gün işğaldan azad edilmiş torpaqlarda dağıdılmış bütün dini abidələr – kilsələr, məscidlər bərpa olunur”.

 

 

Gürcüstan Patriarxı II İlya Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib ki, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.

“Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib”-deyə Patriarx QMİ sədri ilə görüş fürsətindən şad və xoşbəxt olduğunu bildirib. O, şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.

II İlya Azərbaycanın dövlət başçısını şəxsən tanıdığını, onunla dostluq əlaqələrinin olduğunu və bir neçə dəfə görüşdüyünü böyük məmnunluqla qeyd edib.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.
Daha sonra Azərbaycan nümayəndə heyəti Tiflisin mərkəzində ucaldılmış “Qəhrəmanlar abidəsi”ni ziyarət edib.

Səfər iyulun 23-də başa çatacaq.

Əvvəlki məqalə

Riyaziyyat fənni üzrə yenidən MİQ imtahanı keçiriləcək

Sonrakı məqalə

Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib –