Şeyxülislam islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə konfransın aktual mövzusuna diqqət çəkərək, bu gün bəzi Avropa ölkələrində islamofobiya meyillərinin ciddi təhlükə yaratdığını bildirib.

Müharibələrin törətdiyi fəsadlardan danışan QMİ sədri vurğulayıb ki, Qarabağın işğalı zamanı 65 məscid ermənilər tərəfindən məhv edilib, təhqirə məruz qalıb.

“Ölkəmizdə müxtəlif dinlərə etiqad edən şəxslər birlikdə rahat şəkildə yaşayırlar. Biz bunu 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də gördük, bütün xalqların nümayəndələri Vətən uğrunda birgə mübarizə apardılar”, – deyə şeyxülislam əlavə edib.

Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beynəlxalq konfransın təşkilində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O 30-dan çox ölkədən 200-ə yaxın qonağın iştirakı ilə keçirilən bu tədbirin ölkəmizdəki sabitliyin, əmin-amanlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin Milli Məclisin deputatları və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

Sonda iştirakçılar üçün ziyafət verilib.

Əvvəlki məqalə

Benazir Bhuttonun həyat yoldaşı Pakistan prezidenti seçilib

Sonrakı məqalə

Sabiq təhsil nazirinin qızı vəfat edib