Şeyxülislam KAICIID-in onlayn toplantısında iştirak edib

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının onlayn formatda keçirilən toplantısında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, KAICIID-in Baş katibi Zuheyr Əl-Harsi iclası açaraq, beynəlxalq təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını virtual toplantının iştirakçılarına çatdıran şeyxülislam, eyni zamanda, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən danışıb, Azərbaycanda multikulturalizmin, müxtəlif dinlərin harmoniyasının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Şeyxülislam A.Paşazadə Direktorlar Şurasının üzvü olduğu bu nüfuzlu beynəlxalq təşkilatın fəaliyyətini qənaətbəxş sayaraq narahat dünyamızda sülhün, dinlər arasında anlaşmanın davamlı olması üçün dini liderlərin birgə səylərinin gücləndirilməsinin vacibliyini qeyd edib, Direktorlar Şurasının yeni seçilən üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.

Toplantıda KAICIID-in növbəti dövr üçün fəaliyyət istiqamətləri, tədbirlər planı barədə fikir mübadiləsi aparılıb, həmçinin Direktorlar Şurasına yeni üzvlərin seçilməsi məsələsinə baxılıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Pakistan Baş naziri ilə məhdud tərkibdə görüşü başlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyevin adından saxta məlumatlar yayılır –