Şeyxülislam məqamını kimlər gözdən salmağa cəhd edir?

Müqəddəs Ramazan ayı sona çatır. Mərhəmət və bərəkət ayı sayılan bu ayda Azərbaycan qələbə ilinin ilk bayramına hazırlaşır. Bir ay ərzində edilən dualarda ölkənin güclü, insanlarının firavan və dövlətin möhkəm olması üçün əllər səmaya-Allah dərgahına qaldırıldı.

Prezident İlham Əliyevin Ramazan Bayramı ilə bağlı Azərbaycan xalqına təbrikində qeyd edilir ki, müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır.

“Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında İslam dini müstəsna rol oynayıb. Hazırda ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir”-deyə dövlət başçısının müraciətində vurğulanır.

Azərbaycan bu naliyyəti əldə etmək üçün ötən illər ərzində ciddi işlər görüb. Məlum olduğu kimi din faktoru dövlətin idarəetmə sistemi baxımından cəmiyyətlə münasibətlərində mühüm elementdir. Azərbaycanda da din vətəndaş cəmiyyətinin yekdilliyini təmin edən indikatorlardan biri kimi çıxış edib.

Dövlətin mənəvi dəyərlərinin təbliğində, insanların mənəvi rahatlığında din xadimlərinin rolu mühümdür. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi üzərində böyük məsuliyyət var.

Vaxtaşırı internet resurslarında ölkəmizin sayılan, sözü eşidilən dini rəhbərlərinə, Şeyxülislam Allahşükür Paşazadəyə yönəlik təxribatçı kampaniyanın şahidi oluruq. Müəyyən dairələr Qafqaz Müsəlmanları İdarəsinin sədri barədə yalan və heç bir etikaya sığmayan məlumatlar yayır, ölkə üçün vacib qurum sayılan QMİ-nin nufuzuna xələl gətirməyə cəhd edir, din xadimlərini təhqir edirlər.

Azərbaycanın inanclı insanlarına uzun illərdir rəhbərlik edən Allahşükür Paşazadənin hansı fəaliyyəti bu dairələri narahat edır?

Sovet vaxtı Daşkənd Ruhani İnstitutunun çox azsaylı azərbaycanlı məzunlarından olan A.Paşazadə hələ SSRİ zamanından savadlı, elmə açıq, müasir düşüncə tərzi ilə seçilib. Məhz bu keyfiyyətinə görə, Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinə etimad yaradan, xalqı inanc birliyinə təşviq edə bilən rəhbər kimi yadda qalıb.

Onun 80-ci illərdə Moskvanın Gəncə İmamzadəsini partlatmaq qərarının qarşısını ala bilməsi dövrünün inanılmaz hadisəsi sayıla bilər.

Hələ sovet zamanında -1986-cı ildə ABŞ Dövlət Departamentinin QMİ sədri haqqında hazırladığı hesabatında Allahşükür Paşazadənin digər sovet din xadimlərindən bir sıra qeyri-adi cəhətləri ilə fərqləndiyi xüsusi qeyd olunmuşdu.

Azərbaycanın tarixi torpaqları olan Qarabağa qarşı erməni separatizmi baş qaldıranda QMİ sədri etiraz mitinqinə qalxan milyonlarla azərbaycanlını Azərbaycanın haqq işi uğrunda mübarizəyə səslədi və xalqla bir yerdə oldu.

Onun 1990-cı ildə qanlı 20 yanvar qırğını ilə bağlı SSRİ Prezidenti Mixail Qorbaçovu lənətləyən Bəyanatı öz dövrünə görə görünməmiş cəsarət nümayişi idi.

Şeyxülislam fövqəladə vəziyyət şəraitində  Şəhidlərin milyonluq dəfninə rəhbərilk edib. Bir milyon insanı öz arxasınca aparmaq üçün isə gərək xalqın sənə olan etimadına müvəffəq ola biləsən.

SSRİ-nin tərkibində ola –ola Azərbaycanın dünya müsəlmanlarının ən nufuzlu təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü məhz QMİ sədrinin nufuzu və səyi hesabına baş tutmuşdu.

QMİ sədri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda böyük etimada malikdir. Qafqazın dini rəhbəri titulunun arxasında isə böyük bir tarix dayanır. 90-cı illərdə qanı su yerinə axan Qafqaz çoxlarının xatirindədir. Çeçen xalqının ağır fəlakətli günlərində Şeyxülislam Moskvaya etiraz bəyanatı verərək çeçenlərə qarşı soyqırımı dayandırmağı tələb edən ilk din xadimi olmuşdu.

SSRİ dağıldıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin öz mövcudluğunu saxlaya bilməsi vacib məqamlardandır. A.Paşazadə QMİ -yə ictimai etimadı formalaşdıraraq onu Azərbaycanda proseslərin öndə olan qurumuna çevirdi.

QMİ Azərbaycanda dini zəmində parçalanma təhlükəsinin qarşısını aldı, məzhəblərdən siyasi məqsədlə istifadə etməyə cəhd edən xarici qüvvələrin qarşısında sipər oldu. Azərbaycan xalqının vahid mövqedə birləşdirilməsində QMİ-nin mühüm rolu var. Bu baxımdan QMİ çağdaş siyasi tarixmizdə unikal yer tutur.

Azərbaycanın 80-ci illərdən başlayaraq islam dünyasının əlaqələndirmə mərkəzinə çevrilməsində A.Paşazadənin rolu danılmazdır. Qurum özünün nufuzunu bütün bölgə üzrə təsdiq edə bilib. SSRİ-nin son illərində parçalanmış vəziyyətdə olan Şimali Qafqaz müsəlmanlarının dini rəhbərləri vahid koordinasiya kimi məhz QMİ –ni seçdilər. 1992-ci ildə Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçildi. Bu status QMİ-nin bölgənin nufuzlu qurumu olaraq söz sahibinə çevirdi.

Məzhəb fərqindən asılı olmayaraq müsəlman birliyinin tərəfdarı kimi çıxış edən Şeyxülislam A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin ardıcıl təbliğatçısıdır.

Şeyxülislam çoxkonfessiyalı ölkəmizdə onların uğurlu əməkdaşlıq nümunəsini ortaya qoyaraq Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanıdılmasında səylərini əsirgəməyib.

Birgəyaşayış və tolerantlıq prinsiplərinin ardıcıl təbliğatçısı olan QMİ sədri dünyanın məzhəb və dini savaşların qanlı davalarına qarşı  mübarizə aparan din xadimləri sırasında yer alır.

Azərbaycan dindarlarının bu günkü rəhbəri ölkənin mühüm ictimai-siyasi proseslərində dövlətlə əməkdaşlıq zəncirini qura bilib. Yad ideoloji təbliğatın, dini təfriqənin qarşısını almaqda öz töhfələrini verən Şeyxülislam cəmiyyətin həyatında dini harmoniyanın, dostluğun və həmrəyliyin yaradılmasında mühüm fiqurdur.

Şeyxülislama hörmət məqamı müsəlman dünyasında dövlətin öz inanclı vətəndaşlarına münasibətinin bir indikatorudur. Dövlətimiz bu kürsünün sülh və humanizm prinsiplərinin təbliğində oynadığı rolu və təsir gücünü yaxşı bilir. Bu məqam qonşu ölkələrdə yaşayan müsəlman icmasına təsir rıçağı olmaqla əməkdaşlıq və etimad platformasını yaradılmasında, problemlərin tez bir zamanda həlli üçün imkanları səfərbər etməkdə böyük üstünlüklərə malikdir.

Qonşu Gürcüstanda illər öncə yaradılmış Müsəlmanlar İttifaqının orada yaşayan azərbaycanlı soydaşlarımız arasında təsir imkanları məhduddur. Ona görə, kənar məzhəb və qeyri-ənənəvi təlimlərin yayılması oradakı toplum arasında vahidliyə xələl gətirir.

QMİ-yə qarşı vaxtaşırı olan belə hucumlar məhz bu dairələrin maraqlarından qaynaqlanır. Odur ki, belə hucumlar dövlətimizin təhlükəsizliyini təhdid edən çağırışlar hesab oluna bilər.

Emin ABBASOV

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Formula-1”: Türkiyə mərhələsi ləğv olunub

Sonrakı məqalə

Türkiyə Superliqasında “Qalatasaray” qələbə qazanıb-