Şeyxülislam Rusiya Patriarxı ilə hansı məsələləri müzakirə edib?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfər edib.

QMİ sədri Moskvada keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak edib.

Moskvada səfərdə olan Şeyxülislam Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüb. Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordenini QMİ sədrinə təqdim edib.

QMİ sədri dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar yüksək mükafata layiq görülüb.

Patriarx Kirill qeyd edib ki, hazırkı dünyanı sarmış dinlərarası münaqişlər fonunda Azərbaycan və Rusiya xalqları arasında belə təhlükələr olmayıb.

Kirill deyib ki, bu, əsasən dini liderlərin mövqeyi ilə təmin edilir. Onun sözlərinə görə, QMİ sədri ilə birgə Qafqazın bütün İslam ümməti ilə yaxşı münasibətlər sülhün və mehriban qonşuluğun qorunmasında mühüm amildir. Kirill bildirib ki, A.Paşazadə münasibətlərin mahiyyətini dərk edən əldə olunmuş əlaqələrin səviyyəsini yüksək qiymətləndirən dini liderdir.

Patriarx QMİ sədrini “postsovet məkanında görkəmli din xadimi” adlandırıb: “Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm. Siz həmişə bizim kilsənin nümayəndələri ilə və şəxsən mənimlə açıq ürək və xoş hisslərlə dialoqa girmisiniz. Bu dialoqlar kontekstində yaradılmış gözəl atmosfer gündəmdə olan bütün məsələlər üzrə razılığa gəlməyə kömək edib”.

Şeyxülislam öz növbəsində Patriarx Kirillə yüksək mükafata görə təşəkkür edib və Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb.

A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından xoş sözləri və salamlarını çatdırıb. “Mən bugünkü mükafatı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bariz göstəricisi kimi qiymətləndirirəm. Arzu edirəm ki, ölkələrimiz – Azərbaycan və Rusiya arasındakı qardaşlıq və dostluq münasibətlərimiz, dövlətlərimizin rəhbərliyi arasında etibarlı münasibətlər bundan sonra da inkişaf etsin”, – deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinə Qarabağ xalçası bağışlayıb.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvada keçirilən “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” XX Beynəlxalq Müsəlman Forumunda çıxışı zamanı bu məqamlara bir daha toxunub.

A.Paşazadə deyib ki, QMİ Rus Pravoslav Kilsəsi ilə ənənəvi dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlıq əlaqələri ilə bağlıdır. “Bunda, şübhəsiz ki, Moskva və Bütün Rusiyanın patriarxı Kirillin böyük əməyi var.”

QMİ və Rusiya Pravoslav Kilsəsi ötən illərdə etimadlı münasibətlər sistemini qurublar. Bu əməkdaşlıq platforması regionla bağlı yaşanan böhranlardan, mürəkkəb vəziyyətlərdən çıxmağa kömək edib.

Pravoslav Kilsəsi xüsusən Qarabağ münaqişəsinin sülh yolu həlli üçün özünün vasitəçilik səylərini əsirgəməyib. Bu illər ərzində Patriarx dəfələrlə Azərbaycan-Ermənistan dini liderləri arasında üzbəüz görüşlərin təşəbbüskarı olub.

Sonuncu dəfə 2021-cilin oktyabrında Kirillin vasitəçiliyi ilə Allahşükür Paşazadə və katolikos Qaregin bir araya gəlmişdi. Bu üçtərəfli görüş 44 günlük müharibədən sonra dini rəhbərlərin ilk təması idi.

Həmin görüşdə qəbul edilən bəyanatda deyilirdi ki, Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur.

QMİ ilə etimada söykənən əməkdaşlıq onu göstərir ki, Rusiya Patriarxlığı Qafqaz müsəlmanlarının rəhbərinin başçılıq etdiyi idarənin regionun təhlükəsizliyi üçün aparılan prosesdə önəmini anlayır.

Şeyxülislamın Qafqaz və Rusiya müsəlmanları arasında nufuzu bu prosesdə öz töhfələrini verir.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri olan Şeyxülislamın Şimali Qafqaz kimi həssas regionda bu post başçılıq etməsi  Azərbaycana olan etimadın və dəstəyin bir ifadəsidir.

Şeyxülislamın tutduğu MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri postu da postsovet məkanında yaşayan müsəlman ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasında mühüm rol oynayır.

QMİ sədri Şimali Qafqazda tanınmış dini rəhbərdir. Azərbaycanın Çeçenistanla, o cümlədən Şimali Qafqaz ölkələri ilə münasibətlərində din faktorunun önəmini nəzərə alsaq bunun əhəmiyyəti daha da aydın üzə çıxır.

Azərbaycan müstəqillik qazandıqdan sonra Şimali Qafqazla mehriban dostluq və qardaşlıq əlaqələri möhkəm zəmin üzərində bərqərar olub. Siyasi böhranlarla zəngin olan zamanlarda Azərbaycan həmişə Şimali Qafqaz müsəlman liderləri və Rusiya Pravoslav Kilsəsi rəhbərləri ilə yaxşı münasibətlərə malik olub. Bu əlaqələr bir sıra hallarda Rusiyanı və Azərbaycanı narahat edəcək bir sıra xoşagəlməz proseslərin qarşısnı almaqda böyük kömək göstərib.

44 günlük Vətən Müharibə zamanı Rusiya Federasiyasının ən önəmli ərazi vahidi olan Şimali Qafqazdan Azərbaycanın haqlı savaşına və qələbəsinə açıq dəstək verilməsi bu əməkdaşlığın gözəl bəhrəsi idi.

Bu təbriklərini eyni zamanda həmin ölkələrin siyasi hakimiyyətlərinin də mövqeyinin ifadəsi saymaq olar. Bu isə Azərbaycanın əleyhinə olan qüvvələrə qarşı demarş sayıla bilər.

Rusiya Patriarxı ilə səmimi əlaqələr Rusiyada yaşayan azərbaycanlıların kilsə tərəfindən dəstəklənməsinə şərait yaradır. Rusiyaya səfəri zamanı Şeyxülislamın bu ölkədə yaşayan azərbaycanlılarla bir araya gəlməsi, dini liderlərə görüşməsi əməkdaşlıq platformasını möhkəmləndirir.

QMİ ilə Patriarxlıq arasında bu görüşlər tərəflərin humanizm prinsiplərinə sadiq qaldığını, bölgədə sülhə töhfə vermək niyyətini nümayiş etdirir. Bu baxımdan Rusiya Patriarxı ilə dostluğa söykənən əməkdaşlıq sülh üçün dialoq çağırışlarını aktuallaşdırır.

QMİ sədrinin intensiv xarici əlaqələri Azərbaycanın beynəlxalq aləmdə, nufuzlu dini qurumlarda mövqeyini çatdırmaq baxımından böyük imkanlar verir.

Rusiyanın böyük bir coğrafiyasını əhatə edən Şimali Qafqaz müsəlmanlarının Azərbaycanın ədalətli mövqeyinə, zəfər müharibəsində qələbəsinə yekdil dəstəyini alması QMİ-nin apardığı sistemli, ardıcıl fəaliyyətin bariz nümunəsidir.

Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü, ölkəmizi dünyaya nümunə kimi təqdim etdiyi bu tolerantlıq siyasətinin mahiyyətində xalqların bir-birini dinləmək arzusu və qonşularla əmin-amanlıqda yaşamaq niyyəti durur.

Bu baxımdan Rusiya Patriarxı ilə Şeyxülislam arasında dostluq iki dövlət arasında mənəvi körpünü möhkəmləndirir.

 

A.ABBASOV

Əvvəlki məqalə

Ərdoğan ABŞ-də İran prezidenti ilə görüşüb

Sonrakı məqalə

Mehriban Əliyeva 120 yaşlı Əhmədli məscidindən paylaşım edib