Şeyxülislamın dörd görüşü və bir vahid mesajı

Azərbaycan beynəlxalq platformalarda özünün mövqeyini təqdim etmək üçün bütün resurslarından səmərəli istifadə edir.

Prezident İlham Əliyevin bu yöndə apardığı iş ictimai-siyasi prioritetləri müəyyən edərək hamını bu istiqamətə kökləyir.

Azərbaycanın Vətən Müharibəsində hərbi qələbəsi, düşmənin darmadağın edilməsi mübarizəni ictimai və diplomatik “səngərə” keçirib. Müxtəlif maraqların toqquşduğu mürəkkəb beynəlxalq münasibətlər sistemi dünyada öz mövqeyini qorumaq və həqiqətləri çatdırmaq üçün çevik addımlar atmağı tələb edir. Azərbaycan bu baxımdan 44 günlük müharibənin siyasi yekunlarını, Ermənistanın revanşist dairələrinin və onun havadarlarının məkrli siyasətini ifşa etmək üçün əlində olan bütün resursları ilə hərəkətə gətirib.

Vətən müharibəsi Azərbaycanı Cənubi Qafqaz regionunun avanqard ölkəsinə çevirdi və bu gün Bakının imza qoymadığı hər hansı bir geopolitik layihə  iflasa məhkumdur.

Düşmən və onun hamiləri də bunu anlayır.

Odur ki, dövlətimizə qarşı müxtəlif platformalardan uğursuz təzyiq cəhdlərinin arxasından bu qələbəni həzm edə bilməyənlərin qulaqları aydın görünür.

Azərbaycanın son 30 ildə ən mühüm “müdafiə kəməri” kimi qiymət verdiyi dini həmrəylik platforması bu illərdə dövlətimizin haqlı mövqeyinin ardıcıl müdafiəçisi olub.

Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin bu prosesdə rolu unudulmazdır. Qarabağın işğalda olduğu illərdə Şeyxülislamın ən mötəbər xitabət kürsülərindən səsləndirdiyi  bütün bəyanatların kökündə Azərbaycan dövlətinin maraqları və prezident İlham Əliyevin siyasəti durub. Xristian və müsəlman dünyası ilə yaradılmış isti münasibətlər ölkəmizə etimad qazandırıb, haqq səsimizə dəstək gətirib.

Bu proses Vətən Müharibəsi zamanı və ondan sonrakı müddət ərzində də davam edib.

QMİ sədri son aylarda yenə medianın diqqətindədir. Şeyxülislamın səfərləri, görüşləri və qəbulları müharibənin yeni “səngəri”nin maraqlı tablosudur. MDB-nin ən ağırçəkili dövləti sayılan Qazaxstana səfəri, Moskvada Rusiya Patriarxı Kirillə görüşü, Erməni Apostol kilsəsinin katolikosu Qaragenlə danışıqlar, ABŞ-dan gələn dini icma nümayəndələrinin qəbulu, qardaş Türkiyənin Diyanət İşləri Bakanlığının rəhbəri ilə Şuşaya ziyarət və nümayəndə heyətinin qəbulu, ayrı-ayrı səfirlərlə görüş QMİ sədrinin gündəliyinin mühüm mesajlarını nümayiş etdirir.

Fərqli müstəviləri əhatə etsə də bütün bu görüşlərin hədəfi eynidir- Qarabağ, Vətən Müharibəsində Qələbəmiz və dövlətin maraqları!

Nəzərə alsaq ki, hər dini liderin səsi eşidiləcək cameəsi var, o zaman Şeyxülislamın bu görüşlərinin və orada verilən bəyanatların mühüm əhəmiyyəti aydın olur.

Nufuzlu dini lider olan A.Paşazadə son 30 ilin sanballı “baqajı”na malikdir. Bu baxımdan QMİ sədrinə qarşı aparılan gözdənsalma kampaniyaları bir çox hallarda subyektiv münasibətlərə söykənir və məkrli xarakter daşıyır. Azərbaycanın dini lideri Qafqazda söz sahibi olacaq biridirsə bu yalnız ölkəmizin maraqlarına xeyirindən başqa bir şey ola bilməz.

Şeyxülislam məqamının mövcudluğu ölkədə dini harmoniyanın saxlanması və etiqadlı cameənin dövlətlə bağının qurulmasında öz əvəzsiz rolunu oynayır. Bu, tariximizin müxtəlif mürəkkəb və böhranlı dövrlərində özünü dəfələlə nümayiş etdirib.

“Ruhani diplomatiyası” Azərbaycanın dünyəvi platformasından kənarda yaranan məsələlərin həllində həmişə köməyini göstərib. Ayrı –ayrı dövlətlərlə münasibətlərdə inanc birliyinin imkan verdiyi əməkdaşlıq bir çox hallarda Azərbaycana öz mövqeyinin dəstək qazanmasında yardımçı olub.

Bir neçə il əvvəl Gürcüstan hakimiyyətinin oradakı azərbaycanlıları QMİ-nin idarəçiliyindən çıxararaq müstəqil müsəlmanlar idarəsinin yaratmasını xatırlayaq. Zəif və heç bir nufuz qazana bilməyən yerli dini liderin dişsizliyi oradakı soydaşlarımız üzərində qonşu ölkənin dominantlığını yaratdı.

Göründüyü kimi dövlət-din münasibətlərində əməkdaşlıq platforması qurmaq üçün zəngin təcrübəyə malik, nufuzlu din xadimi olmaq vacib məsələdir. Şeyxülislamlıq məqamı ölkəmizə yad “saf inanc” təbliğatçılarına, məzhəb mübahisələri açan avanturist qüvvələrə qarşı sipərdir. QMİ sədrinə qarşı vaxtaşırı aparılan böhtan və qaralama kampaniyalarının bir mühüm detalı bununla bağlıdır.

Şeyxülislam Allahşükür Paşazadənin Türkiyə Diyanət İşləri bakanı Ali Erbaşla Füzuliyə və Şuşaya səfəri bu baxımdan iki qardaş ölkənin dini rəhbərlərinin vəhdət mesajı kimi yaddaşlarda qaldı. Şuşada verilən bəyanat Azərbaycan-Türkiyə dini rəhbərlərinin sülhə çağırış mesajı olmaqla yanaşı göstərdi ki, iki qardaş dövlət olaraq xoş və çətin günlərdə daim bir-birinin yanında olublar.

QMİ sədrinin belə fəal və ardıcıl fəaliyyəti Azərbaycanın haqq səsinin dünya çapında, spesifik sayılan dini camelərdə eşidilməsinə vəsilə olur. Şeyxülislama hörmət müsəlman dünyasında dövlətin öz inanclı vətəndaşlarına münasibətinin bir indikatoru sayılır. Dövlətimiz bu kürsünün humanizm siyasətinin təbliğindəki təsir gücünü yaxşı bilir və qiymətləndirir. Bu məqam dini müstəvinin imkanlarını səfərbər etməkdə böyük üstünlüklərə malikdir.

Aydın ABBASOV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Baydenin Türkiyəyə F-16-lar verilməsinə müsbət yanaşdığını gördüm” –

Sonrakı məqalə

Meksikada qaz kəmərində güclü partlayış olub