Şeyxülislamın Qafqazda sülhə çağıran mesajları

30 Aprel 2021 - 01:08

QMİ sədrinin çevik reaksiyası düşmən təbliğatının qarşısını necə aldı?

 

Dünyada sülh çağırışları bu gün ən aktual məsələdir.

Miqyasına görə, ən müxtəlif münaqişələr girdabına düşmüş dünya ölkələri hərbi qarşıdurmalardan qaçmaq, lokal konfliktləri həll etmək üçün ən müxtəlif yollara əl atırlar.

Bu gün sülh çağırışları əmin-amanlıqla yanaşı beynəlxalq təhlükəsizliyin vacib prioritetinə çevrilib.

Azərbaycan da sülhün qiymətini yaxşı bilir və regional müstəvidə bunun təmin olunması üçün çalışır. Ölkəmizi uzun illər təhdid edən ərazi işğalı faktoru bütünlükdə regional münasibətləri dağıdan məsələ olub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası dövlətimizi özünü müdafiə üçün lazım olan bütün imkanlardan istifadəyə vadar edib.

28 illik işğal dönəmində Bakı daima Qarabağ məsələsinin sülh yolu həlli üçün aparılan prosesdə iştirak edib, dünya güclərini münaqişənin ədalətli həllinə çağırıb.

Mərhum prezident, ümummilli lider Heydər Əliyevin regionda sülhün təmini üçün 90-cı illərdə apardığı siyasət Azərbaycanı beynəlxalq müstəvidə maraqlarını formalaşdırdı. Böyük güclərin Cənubi Qafqazda dayanıqlı iqtisadi mənafelərinin sabitlik olmadan mümkünsüzlüyünü diqtə edən bu prioritet Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vacib sayırdı. Prezident İlham Əliyev ilk gündən Qarabağ münaqişəsinin həllində elan etdiyi prinsiplər Cənubi Qafqazda tarixi ədalətin bərpa olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına hədəflənmişdi. Prezident bütün çıxışlarında regionda sülhün bərqərar olması üçün Qarabağ münaqişəsinin ədalətli həllinin mühüm rol oynadığını vurğulayırdı.

Azərbaycan bu illər ərzində aparılan sülh danışıqlarının fəal iştirakçısı olmaqla ictimai-siyasi qüvvələrini də bu prosesə müncər edə bilmişdi.

Siyasi partiyalar, QHT-lər, media sülh danışıqlarını dəstəkləməklə bu prosesi regionda problemin qansız həlli üçün fürsət sayırdılar.

Bu prosesin bir mühüm müstəvisi dini zəmində qarşıdurmalara yol verməməklə bağlı çağırış idi. Ermənistanın Qarabağ münaqişəsinə dini rəng vermək cəhdi bölgədə ağlasığmaz və fəlakətli situasiyanı körükləmək məqsədi daşıyırdı. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin aktiv fəaliyyəti gözardı edilə bilməz.

Qarabağ münaqişəsi başlanan zaman Ermənistanın bütün ictimai-siyasi dairələri kimi erməni Apostol Kilsəsi də proseslərin önündə gedirdi. Çoxillik siyasi təcrübəyə, çevik beynəlxalq əlaqələrə və siyasi irsə malik olan erməni katolikosluğunun məkrli planları qarşısına hazırlıqlı və sözü eşidilən dini liderin çıxması vacib idi. Sovet Azərbaycanın ateist rejimi din xadimlərini təzyiq altında saxlasa da QMİ-nin sədri A.Paşazadənin siyasi proseslərə çevik reaksiyası və hazırlıqlığı Qarabağ münaqişəsində düşmən təbliğatının qarşısını almaqda rolunu oynadı.

Münaqişənin başladığı ilk gündən xalqlar arasında düşmənçilik salmağın dəhşətli nəticələr verəcəyini bəyan edən A.Paşazadə Qafqaz xalqlarının birliyini pozan bu münaqişəni dayandırmağa çağırmışdı.

Bütün bu illər ərzində Şeyxülislam sülh mesajını daşıyaraq erməni katolikosundan fərqli olaraq regionda sabitliyin, dini zəmində qarşıdurmanın olmasına imkan verməyib.

Dini liderlərin görüşlərində, mötəbər konfranslarda QMİ sədri bölgədə dayanıqlı sülhün yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçdiyini bəyan edib, MDB Dinlərarası Şuranın rəhbəri, Şimali Qafqaz xalqlarının Dini Şurasının sədri kimi bu sülh çağırışlarını səsləndirib.

Regional və dünya dini liderləri ilə qarşılıqlı etimada söykənən münasibətlər qura bilmiş A.Paşazadə bununla erməni kilsəsini səmavi dinlərin əməkdaşlıq şəbəkəsindən kənarda qoya bildi. Rusiya Patriarxının vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərdə QMİ sədri daima erməni katolikosunun müharibəyə çağırışlarını pisləyərək bunun uca Allahın bəşərin yaradılış prinsiplərinə zidd olduğunu demişdi. Beynəlxalq tədbirlərdə səmavi dinlərin nufuzlu rəhbərləri ilə görüşlərində Azərbaycanı regionda sülhün əsas dayağı olduğuna inandıran A.Paşazadə onlara dünya dini liderlərinin Bakı sammitinin işğal edilmiş torpaqların azad edilməsinin vacibliyi əks olunan yekun sənədini imzalatdıra bildi. QMİ sədrinin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatında, nufuzlu müsəlman və xristian dövlətlərində Ermənistanın işğalçı mahiyyəti subutlarla təqdim edilib.

Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq və dini əməkdaşlıq siyasətinin kökündə eyni zamanda regionda sülhün bərqərar olması durur.  Ölkəmizin dünyaya nümunə kimi təqdim etdiyi bu tolerantlığın mahiyyətində xalqların bir-birini dinləmək arzusu və əmin-amanlıqda yaşamaq niyyəti durur.

44 günlük müharibədən sonra Azərbaycan işğal altında olan torpaqlarını azad etdi. Düşmənin başı əzildi. Lakin qalib Azərbaycan düşməni kimi nifrət püskürmür, öz vətəndaşları saydığı Qarabağ erməniləri üçün bütün şəraitin yaradılacağını bəyan edir. QMİ sədrinin Ağdama səfəri zamanı mədəni abidələrin qorunması ilə bağlı verdiyi bəyanatında müsəlman məscidlərindən fərqli olaraq erməni kilsələrinin dağıdılmadığını vurğulamışdı.

Bu qələbədən sonra Azərbaycan regionda sülhün əsas qarantına çevrilib. Dövlətimizin sabitlik və əməkdaşlıq çağırışları bütün dünya tərəfindən dəstəklənir. Bütün bu illər ərzində daima sülhə sadiq olması Azərbaycana olan etimadı gücləndirir və artırır. Bu etimadın möhkəmlənməsində, sülh çağırışlarında QMİ-nin də payı və məsuliyyəti yetərincədir.

Adil İbrahimov