Şeyxülislamın qanlı fevral yaddaşı olan Xocalı

Otuz bir il əvvəl şaxtalı fevral günü Azərbaycan xalqı səhəri dəhşətli bir xəbərlə açdı.

Kütləvi şəkildə qətlə yetirilmiş dinc azərbaycanlıların –körpə uşaqların, qocaların, qadınların qarlı çöldə səpələnən cəsədlərinin görüntüləri ölkəyə fəlakət üz verdiyini nümayiş etdirirdi. Vətəndaşlar Ağdam məscidinə daşınan eybəcər hala salınan meyitləri, jurnalist Çingiz Mustafayevin boğuq səslə ağlaya-ağlaya körpə cəsədlərini qucaqlamasını, qarın içində ayaqyalın gələn uşaqları, qadınları, qocaları – bu fondakı xaosu dəhşətlə izləyirdilər.

Mənfur düşmən qonşuluq üçün mühüm olan bütün mənəvi-insani bağları dağıtmışdı.

Xocalıda soyqırım törətmişdi.

Xalq belə amansız və vəhşi qətlimadan sarsılmışdı.

Ümummilli lider Heydər Əliyev bu soyqırımı “bütün bəşəriyyətə qarşı tarixi bir cinayət” adlandırmışdı.

Bu doğurdan da belədir. Dinc insanların kütləvi qətli bəşər tarixinin ən qara səhifələridir. Holokost, Serebrnitsa kimi vəhşət cinayətlərinin sırasında Xocalı da yer alır.

“Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”-Prezident Heydər Əliyev demişdi.

Bu gün həmin qanlı tarixi yada salarkən hər bir məqamı bilməyə, bu ağır faciənin səbəbkarlarının tapılması, azərbaycanlıların fəryadının, ədalət tələbinin dünyaya çatdırlması üçün bütün gücünü qoyan, döyüşən, mübarizə aparanları xatırlamağa çalışırıq.

Bu illər ərzində Azərbaycan daim Xocalı soyqırımına qiymət verilməsini, qatillərin cəzalandırılmasını  özünün əsas prioritetlərindən biri hesab edib.

Ölkə həmin ildə faciənin doğurduğu siyasi böhranda çapalayarkən bu prosesin dövləti dağıdacaq bir dalğaya çevrilməməsi üçün, qırğından sarsılmış insanlara mənəvi dəstək üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə əlindən gələni etməyə çalışırdı. Qarşı-qarşıya duran siyasi qüvvələrin arasında dayanan, ölkənin idarəçiləri ilə danışıqlarda böhranın həlli yollarını axtaran Şeyxülislam üçün həmin qanlı günlər ömrünə yazılacaq and günü oldu: Xocalıda öldürülən günahsız adamların, körpə fidanların, dünya sevincinə nakam qalmış qızların, qadınların, barbarcasına qətlə yetirlmiş nurani qocaların qatillərini ifşa etmək…Bunun üçün əlində olan bütün kürsülərdən, ayağı dəyə biləcək bütün məkanlarda, səsinin eşidilə biləcəyi bütün salonlarda hayqırmaq, tələb etmək…

Faciə baş verən gündən dərhal sonra Şeyxülislam dünyanın nufuzlu siyasətçilərinə və din xadimlərinə ünvanladığı bəyanatlarında onları soyqırıma düçar olmuş insanların faciəsinə biganə qalmamağa səsləmişdi.

Erməni barbarlarının öldürdüyü 5 yaşlı qızcığaz isə Şeyxülislamın əbədi yaddaşına yazıldı. “Bu fotonu heç vaxt unuda bilmərəm” –deyə QMİ sədri hər dəfə Xocalıdan danışarkən deyir.

Uşaq qatilləri dünyanın ən rəzil məxluqlarıdır. Müqəddəs kitablarda onların cinayətinə Allah qatında bəraət yoxdur.

Ermənistan bu qadağanı pozdu, uşaqları öldürdü.

Xocalıda xüsusi qəddarlıqla öldürülmüş bu balaca mələklərin fotoları bu günə qədər bütün dünyanı şoka salır.

“Xocalı soyqırımının nəticələrini öz gözlərimlə görmüşəm. O şəhərin faciəsi, orada vəhşicəsinə qətlə yetirilmiş uşaqların soyuqdan don vurmuş cəsədləri ömür boyu yaddaşımdan silinməz”-deyə QMİ sədri açıqlamalarında vurğulayıb.

Şeyxülislam bunu “sözün bitdiyi yer” adlandırmışdı.

QMİ sədrinin bu 31 illik fəaliyyətində Xocalı soyqırımı “qırmızı xətt” olaraq keçib. İstər ölkə daxilində, istərsə də beynəlxalq platformalarda Şeyxülislam dünyaya bu faciəni anladıb, ədalət istəyib, günahkarları lənətləyib. “Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir. Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıblar”-deyə A.Paşazadə tələb edib.

Xocalı soyqırımı bir çox beynəlxlaq təşkilatların gündəliyinə salınmış və bir sıra dövlətlər bunu hərbi cinayəti soyqırım aktı kimi tanıyıblar. Hazırda Xocalı Soyqırımı dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb.

Bu sırada İslam Əməkdaşlıq Təşkilatının adı xüsusi çəkilir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn subyekti kimi qəbul olunduğu ilk beynəlxalq təşkilat İƏT olub.

57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı Soyqırımını ilk tanıyan qurumdur.

Azərbaycan İƏT-ə daxil olduqdan cəmi 3 ay sonra Xocalı dəhşətini yaşamışdı. Bundan bir neçə ay əvvəl isə -SSRİ-nin hələ mövcud olduğu zamanda QMİ sədri İƏT-ə üzvlüyə mane olmağa cəhd göstərənlərin bütün səyinə rəğmən üzvlük sənədinə qol çəkmişdi, Azərbaycan bu mötəbər qurumun üzvü olmuşdu.

Biz özümüzü tanıtmaq üçün böyük bir məkan əldə etmişdik.

Hər il  Şeyxülislam bu qətliamla bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayır, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırır.

Bu Bəyanatın altında ölkəmizdəki digər dini konfessiyaların başçılarının da imzası olur. Belə vahid mövqe  dinindən və etiqadından asılı olmayaraq hamının bu antihumanist qırğına birgə etirazdır.

Bu illər ərzində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması və onun təşkilatçıları və icraçılarının beynəlxalq məhkəməyə çıxarılması üçün ardıcıl işlər aparıb. Bakı Xocalı faciəsini bütün dünyaya nümayiş etməklə erməni millətçilərinin iç üzünü ifşa edir, “Xocalıya Ədalət” kampaniyası isə dünyadan bu fəlakətin qurbanlarına ədalət tələb edir.

1992-ci il fevralın 26-da erməni quldur dəstələri sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda dəhşətli qətliam törədərək 600 –dən çox dinc sakini qətlə yetirdilər.

Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Amma düşmən cəzasını aldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin qanının yerdə qoymadı.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində Xocalı soyqırımının qurbanlarını xatırladaraq onların qisasının alındığını bəyan etmişdi: “Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”-dedi.

Dövlət başçısı “intiqamımızı döyüş meydanında aldıq! Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq”-xüsusi olaraq vurğuladı.

Bu sözlər Ermənistana törətdiyi anti-humanist, alçaq cinayətini xatırlatmaq idi.

Bu gün Azərbaycan bayrağı Xocalı rayonunun azad edilmiş kəndlərində vüqarla dalğalanır. Tezliklə isə Xocalının özündə dalğalanacaq.

Sabah bütün məscidlərdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı soyqırım qurbanları yad olunacaq, Şəhidlərimizin ruhlarına dualar oxunacaq, moizələr deyiləcək.

Xocalı soyqırımı Azərbaycan siyasi tarixini məhvərindən dəyişən hadisə oldu. 1992-ci ilin 26 fevralından sonra azərbaycanlılar üçün yeni təqvim başladı. Bu qanlı cinayətin məqsədi Azərbaycan xalqının iradəsini sındırmaq, onun ərazi bütövlüyünü sarsıtmaq və dövlət kimi azadlığını əlindən almaq idi.

Amma bu xəbis niyyət arzu olaraq ürəklərdə qaldı. Azərbaycan dünyaya bir günəş kimi doğdu.

Xocalı soyqırımı və onun ağrısı xalqımız tərəfindən heç zaman unudulmayacaq. Bu, bizim qan yaddaşımızdır. Bu yaddaşı daşıyanlardan biri də Qafqaz Müsəlmanları İdarəsi və Şeyxülislam Allahşükür Paşazadədir.

E.ABBASOV

Əvvəlki məqalə

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Sonrakı məqalə

Avropa İttifaqının İranın bir neçə qurumuna sanksiya tətbiq edib