Nazirlik bu şirkətlə 12 milyonluq müqavilə bağladı –Uşaq bağçalarını yeməklə təchiz edəcək

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması bağlı tenderə yekun vurub.

Həmin sorğuda 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.

Qalib şirkət isə “TAİS İKF” MMC (VÖEN: 1400019741) seçilib. Şirkətlə 12 704 454 manat məbləğində müqavilə imzalanıb.

Araşdırmalar göstərir ki, bu «TAİS İKF» MMC-nin ilk tenderi deyil. Şirkət indiyədək də dövlət qurumlarından əksəriyyəti yemək və keyterinq xidməti olmaqla çoxsaylı və böyük tenderlər qazanıb. Son 4 ildə şirkət udduğu 18 tender üzrə ümumilikdə 43 milyon manata yaxın sifariş alıb.

«TAİS İKF» MMC şirkəti 1994-cü ildə yaradılıb, şirkətin qeydiyyatı barədə sonuncu çıxarış 2017-ci ildə verilib. Şirkətin hüquqi ünvanı Baki şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Rəfail Məmməd oğlu Şirinovdur.

Uşaq bağçalarında balacalara necə yemək verilməsi bütün valideynləri maraqlandırır. Amma daha maraqlı məsələ bu yeməklərin hansı şirkətlər tərəfindən verilməsi, daha dəqiqi, dövlət qurumlarının bu qidaları hansı şikayət sifariş etməsidir.
Bağçaların ərzaqla təminatı böyük biznesdir.

Gələcəyimiz olan uşaqlarının sağlam qidalanması sağlam gələcəyin təməlidir. Azərbaycanda qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi prioritet məsələdir. Bu baxımdan gələcəyimiz olan uşaqların necə qidalanması məsələsi daha çox gündəmə gəlir. Ailədə bu məsələyə valideynlər birbaşa nəzarət etsə də, məktəbəqədər müəssisələrdə, məktəblərdə uşaq, yeniyetmələrin düzgün qidalanmasına ciddi nəzarət aktuallıq kəsb edir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslər daha etibarlı sayılır. Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır.

Azpost.info

Əvvəlki məqalə

BDU-nun 2 saylı tədris korpusunun təmirinə 11 milyon manat xərclənəcək

Sonrakı məqalə

Müdafiə Nazirliyinin tibbi personalı zəlzələ bölgəsindən qayıdır