“Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. 60 siyasi partiya 60 siyasi platforma deməkdir”.
Azpost.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov deyib.
O bildirib ki, Azərbaycanda artıq siyasətlə məşğul insanlar 60 yerə parçalanıb: “Cəmiyyətimizdə radikallıq meylləri, siyasi mədəniyyətdə, etikada ciddi qüsurlar var. Daha dəhşətli isə ifrart millətçiliyə, dini fanatizmə meylli insanların olmasıdır. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısını qatı şəkildə almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyllərin siyasi partiyalara sızmazının qarşısını almaq mümkün deyil. Demokratik Fransanın ermənipərəst prezidenti Makron, yaxud Avropa Parlamentinin illərdir erməniləri dəstəkləyən deputatının fikirlərini, demokratiyanın beşiyi sayılan ABŞ Konsqresində erməni lobbisindən güc alan senatorların səs verdiyi layihələri, qanunları biz əsasmı götürməliyik?! Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr. Azərbaycanda demokratiyanın inkişafına təkan verəcək mükəmməl qanun qəbul edəcəyimizə şübhə etmirəm. Mən çox istərdim ki, bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu, Azərbaycanın xeyrinə olsun”.