SSRİ vətəndaşı olan azərbaycanlı hacılar –Sovet Azərbaycanında Həccə necə gediblər? -TARİX

Həcc müsəlman xalqların həyatında böyük əhəmiyyət daşıyıb. Bu mərasim eyni zamanda müsəlman ölkələri arasında canlı əlaqənin yaradılmasına və İslam sivilizasiyasının nailiyyətləri ilə tanışlıq imkanı yaradır.

Həcc mövsümü hər il böyük bir coşqu ilə başlanır. Minlərlə azərbaycanlı müsəlman müqəddəs Kəbəni ziyarət edərək hacı titulunu alır.

Amma hər zaman belə fürsət ələ düşməyib. SSRİ zamanında Həcc ziyarətinə getmək mömünlər üçün yalnız şirin arzu idi. Sərt ateist ölkəsində Kəbə arzusunu dilə gətirmək dindarlar üçün “KQB”nin sərt yoxlamaları və Kommunist Partiyasının etimad limitinin itirilməsi demək idi. Sovet İttifaqı sosializm yarışının keçici bayraqlarının qırmızı rənglərinə bürünərkən onun tərkibində yaşayan 60 milyonluq müsəlman dünyası dini inanclarında ciddi korrektələr etməyə məcbur olmuşdu.

Azərbaycan da bu sırada istisna deyildi. Totalitar sovet sisteminin müxtəlif illərində tək-tük azərbaycanlı müsəlmana müqəddəs ziyarətə getmək nəsib olub.

Bəs sovet Azərbaycanında yaşayan müsəlmanlar Həcc ziyarətinə necə gedirdilər?

30-cu illərdə SSRİ həcc ziyarətini tam məhdudlaşdırmışdı. Araşdırmalara görəsovetləşəndən sonra, 1925-1928-ci illərdə Azərbaycandan ildə təxminən 500-600 dindar vətəndaş Məkkə, Kərbəla və Məşhəd şəhərlərindəki müqəddəs yerləri ziyarət etməyə gedərdi. 1930-cu illərin ortalarında isə Azərbaycandan bu yerlərə gedən zəvvarların sayı azalaraq cəmisi 10-15 nəfər təşkil edib.

Bütövlükdə Həcc ziyarəti SSRİ müsəlmanları üçün demək olar ki, əlçatmaz idi. 60 milyonluq müsəlman əhalisinə malik olan SSRİ ildə cəmi 25 nəfəri həcc ziyarətinə icazə verirdi.

SSRİ-də Həcc ziyarəti bir də 1945-ci ildə bərpa olunurİkinci Dünya müharibəsindən qalib kimi çıxan Sovet İttifaqı müsəlman dünyası ilə münasibətlərinə ciddi korrektələr edir. Avropanın müstəmləkə sistemi altında inləyən Şərqdə sovet təsirinin formalaşdırılması üçün İslam dini faktorundan istifadə edilməsi qərara alınır. 1945-ci ildə SSRİ-də mufti İşan Babaxanovun rəhbərliyi atında bir qrup ziyarətçi Həccə aparılır. Bir sıra araşdırmaçıların rəyinə görə, bu həcc missiyası daha çox müsəlman Şərqində SSRİ-nin mənfi imicinin dağıdılması üçün təşkil edilibmiş.

 1953-cü ildə sovet vətəndaşlarından ibarət daha bir ziyarət qrupu Məkkəyə yola düşür. Qrupa artıq vəfat etmiş müfti İşan Babaxanovun oğlu Ziyəddin Babaxanov rəhbərlik edirdi. Sovet ziyarətçi qrupu Məkkədə olan zaman Səudiyyə Ərəbistanının kralı Əbdüləziz ibn Səudla görüşür. İsti qarşılanan sovet hacıları orada bir sıra görüşlər keçirir. Həmin il Babaxanov “Əl-Əhzər” unversitetinin rektorundan SSRİ-dən olan tələbələrin oxuması üçün razılıq əldə edir.

Yalnız 50-ci illərin sonunda azərbaycanlı müsəlmanlara Həcc ziyarətinə getmək üçün imkanlar yarandı. Bununla bağlı sənədlərdə maraqlı faktlar var.

SSRİ Nazirlər Soveti yanında Dini Məsələlər üzrə Şura 27 mart 1956-cı il iclasında Orta Asiya və Qazaxstan Ruhani İdarələrinin müraciətinə baxaraq həccə 50 nəfərlik sovet zəvvarını göndərmək barədə qərar qəbul edir.  Sov.İKP Mərkəzi Komitəsi müzakirələrdən sonra 20 nəfərin getməsinə razılıq verir.

Növbəti il yenidən Həcc siyahısı tərtib edilərkən bu sayın 30 nəfərə qaldırılması təklif olunur. 1957-ci ilin fevralında DTK-ın 4-cü İdarəsi Həccə getmək istəyənlərin siyahısını alır. Bu dəfə Məkkəyə getmək üçün rekrod sayda müraciət olur. Mərkəzi Bakıda yerləşəZaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 25 namizədin siyahını verir.  Orta Asiya, Qazaxstan, Dağıstandan isə ümumilikdə 120 namizədin adı təqdim olunur.  Bundan əlavə Azərbaycan SSR-dən həmçinin İrana ziyarətə getmək üçün 8 nəfər müraciət etmişdi.

SSRİ Xarici İşlər Nazirliyi Dini Məsələlər üzrə Şuranın xahişini dəstəkləyərək 1957-ci ilin aprelində Həcc ziyarətinə 40-50 nəfərin göndərilməsinə etiraz etmir. 1957-ci ilin may ayında Dini Məsələlər üzrə Şura 28 nəfərlik siyahını Sov.İKP Mərkəzi Komitəsi yanında xaricə səfərlər üzrə Komissiyasına təqdim edərək onlardan  Məkkəyə getmək üçün 20 nəfərinə icazə verilməsini xahiş edir. Komissiya 20 nəfərə icazə verir. Onlardan bir nəfəri Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin namizədi idi. Nümayəndə heyəti 2 iyul 1957-ci ildə Həccə yola düşür. Qrupun rəhbəri Oş şəhər “Əbdül-Xan” cümə məscidinin imamı Ş.Xalıqnəzərov olur. Hacılar Məkkəni, Mədinəni, Qahirəni, Port-Səidi ziyarət edirlər.

FOTO: Azərbaycan SSR. 1985-ci il. Təzə Pir məscidində camaat namazı

Sənədləri araşdırarkən 1956-57-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin siyahısı ilə Azərbaycandan Həccə getmiş şəxslərin adlarını müəyyənləşdirmək oldu. Bunlar Bakı sakinləri Axundov Süleyman Molla Hacı oğlu, bağbaİsmayılov İsmayıl Mikayıl oğlu və Naxçıvandan olan Ovçular Cəmiyyətinin üzvü Cəfərov İbrahim Cəfər oğlu olub. 1960-70-ci illərdə sovet Azərbyacanından Həcc ziyarətinə kimlərin getməsi barədə məlumatlar demək olar ki, yoxdur.  “Brejnev erasında” “dəmir pərdə” nin daha da möhkəmləndirliməsi bu baxımdan dini ziyarət məsələlərini arxa plana atmışdı.

SSRİ-də Həcc ziyarəti bir də 1970-ci illərin sonunda vüsət alır. Bu zaman zəvvarların tərkibi ciddi şəkildə seçilirdi. Çox vaxt onların əksəriyyətini dini idarələrin əməkdaşları təşkil edirdi.

Sovet Azərbaycanı qırmızı əmək bayraqlarının təntənəli keçidinə qərq olarkən ölkənin dini cameəsi çox məzlum halda idi. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər. Bu şəxslərdən biri, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin gənc sədri hacı Allahşükür Paşazadə idi.

Azərbaycanda müsəlmanlar üçün  yeni imkanlar SSRİ-də başlanmış yenidənqurma dövründə yaranır.  1990-cı ildə SSRİ ilə Səudiyyə Ərəbistanı arasında 50 il əvvəl pozulmuş diplomatik münasibətlər bərpa olunur. Səudiyyənin xarici işlər naziri, şahzadə Səud Feysəl SSRİ-yə rəsmi səfərə gəlir. Həmin səfər zamanı 1991-ci ilin iyulunda  SSRİ-dən 1000 və daha çox zəvvarın Həcc ziyarətinə buraxmaq barədə rəsmi razılıq əldə olunur.

Bu razılaşmadan bir il əvvəlsə, 21 iyun 1990-cı ildə artıq şeyx Allahükür Paşazadənin rəhbərliyi ilə  bir qrup zəvvar Məkkəyə getmişdi. İlk dəfə olaraq SSRİ höküməti ilə razılaşdırmadan, Azərbaycan özü zəvvarları Həccə göndərmişdi. Böyük marağa səbəb olan bu ziyarət o dövrün xarici KİV-lərində ciddi təhlil edilmişdi. Həmin səfərdə Şeyx Allahşükür Paşazadəyə isə yalnız yüksək nufuz sahiblərinə və islam liderilərinə göstərilən xüsusi ehtiram nümayiş etdirilir: Şeyx Məkkədə Kəbə evinin içinə daxil olur.

Həmin ildən başlayaraq Azərbaycan mütəmadi şəkildə müqəddəs ziyarətə zəvvar göndərməyə başlayır.

Ümumiyyətlə 1980-ci illəri  Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətində yüksəliş illəri saymaq olar. 1980-ci ilə qədər qapalı və ictimai həyatdan uzaq olan QMRİ gənc Allahşükür Paşazadənin şeyxülislam seçilməsi ilə özünün aktiv dövrünə qədəm qoyur. 1986-cı ilin oktyabrında şeyxülislam Allahşükür Paşazadənin təşkilatçılığı ilə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində İslam Konfransı Təşkilatının himayəsi ilə “Müsəlmanlar sülh uğrunda mubarizədə” beynəlxalq konfrans təşkil olunur. Bir il sonra, 1987-ci ildə Şeyxülislam Moskvada keçirilən “nüvə silahısız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun təşəbbüs qrupunun başçısı və həmsədri seçilir.  1989-cu ildə isə Allahşükür Paşazadə artıq SSRİ Ali Sovetinin deputatı idi. Həmin il o, BMT-nin Cenevrədə keçirilən 45-ci sessiyada çıxış edir.

Şeyxin nufuzu sonralar da müqəddəs həcc ziyarətinin təşkil olunmasında mühüm rol oynayıb. Belə ki, 1992-ci ildə Səudiyyə Ərəbistanının keçmiş SSRİ respublikalarındakı 100-lərlə müsəlmanın Məkkəyə  ziyarəti üçün sponsorluq etdiyi ölkələrin siyahısında Azərbaycan da var idi.

Statistik məlumatlara görə, 1990-cı ildə Həcc ziyarətinə getmiş sovet dindarlarının ümumi sayı 1500 nəfərdən bir qədər artıq olub. Bu ildə Azərbaycandan olan zəvvarların sayı 151 nəfər olub.

SSRİ-nin dağılması ilə başlanan müstəqillik paradı sovetlərin tərkibində olmuş müsəlman respublikalarına özünün vicdan azadlığını təmin etməyə imkan yaratdı. Azərbaycan da bu sırada öncül yerlərdən birini tutur. Ateist ölkənin keçmiş vətəndaşlarının bu günkü varisləri  bəlkə də vaxtilə Həcc ziyarətinin əlçatmaz bir röya olduğunun fərqində deyillər. Lakin reallıq budur ki, ilk sovet hacıları az olmaqla bərabər, siyasi rejimin ciddi təzyiqləri altında yaşayıblar.

X. SƏFƏROĞLU

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü olacaq

Sonrakı məqalə

Bayden Ağ Evdə Şoltsu qəbul etdi