Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Ekspertlər deyirlər ki, streslə mübarizə aparmağın sirri çölə çıxmaq qədər sadə ola bilər. 

Pediatr Vanessa Slots “CBS Minnesota” telekanalına müsahibəsində açıq havada olmağın çox heyrətamiz faydaları olduğunu bildirib. O əlavə edib: “Araşdırmalar göstərir ki, təbiətdə olmaq, hətta hər gün bir ağacın altında oturmaq belə stres səviyyələrini, qan təzyiqini və kortizol kimi stres hormonlarının miqdarını azaldır”.

Təmiz havada keçirilən vaxt stresi azaltmaq və depressiyanı yüngülləşdirməklə yanaşı, həm də yaddaşı yaxşılaşdırır və DEHB (diqqət çatışmazlığı, hiperaktivliyin pozulması) sindromu olan insanlara kömək edir.

“Təbiətdə vaxt keçirmək, həmçinin xoş əhvali-ruhiyyə hormonları olan dopamin və endorfinlərin səviyyəsini artırır”, – deyə Pensilvaniya Universitetinin stres, dözümlülük və yorğunluq üzrə ixtisaslaşan tədqiqatçısı Kendi Viens “The Post” nəşrinə müsahibəsində bildirib. O, “Yorğunluq immuniteti: Emosional intellekt dayanıqlılıq tapmağa və işinizlə yenidən maraqlanmağa necə kömək edə bilər” adlı kitabında qeyd edir ki, təbiətdə olmağın stresi azaldan təsirlərini cəmi 10 dəqiqə ərzində görmək olar. İstər şəhər parkını ziyarət zamanı, istərsə də meşədə gəzinti əsnasında açıq havada vaxt keçirmək psixi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.

Kanadanın Ontario şəhərindəki Trent Universitetində təbiət əlaqələrini araşdıran psixoloq Liza Nisbet isə qeyd edir ki, onlarla tədqiqatçı təbiətin həm fiziki, həm də psixoloji rifaha faydalı təsir göstərdiyini təsdiqləyir. O əlavə edir: “Şəhər parkı da daxil olmaqla, sadəcə təbiət qoynunda gəzmək əhvalınızı yüksəldə bilər”(azərtac).

Əvvəlki məqalə

“”Gürcü arzusu” iqtidarı Moskvanı razı salmağa çalışır” –

Sonrakı məqalə

General Kərəm Mustafayev İranın Hava Desant Qüvvələri briqadasında olub