Subsidiyalar  “kəndli inqilabı”dır? –

Nazirlik fermerlərə havayı pul paylamayacaq
03 Sentyabr 2019 - 12:45

Xəbər verildiyi kimi, ötən gün Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda kəndlilərə və fermerlərə subsidiyaların verilməsinin yeni mexanizmini açıqlayıb. Bu mexanizm gələn ildən işə düşəcək. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev subsidiyalara dair yeni mexanizmi “inqilabi hadisə” adlandırıb. 

Azpost.info-un məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə virtualaz.org-a bildirib ki, uzun müddətdir bu sahə üzrə araşdırma aparılır, hazırda isə fermerlər məlumatlandırılırlar. Hüseynovun sözlərinə görə, yeni mexanizmlə fermerlər subsidiyanın alınması üçün elektron müraciət edəcəklər. Bu isə şəffaflığın təmini ilə yanaşı  fermerlərin daha qısa zamanda subsidiya almasına imkan verəcək.

Dəyişiklikdən biri də istehsalın regionlar və məhsullar üzrə təşviqinə nail olmaqdır. “Əkin və məhsul əmsalları tətbiq olunacaq, bu da baza qiymətinə vurularaq əkinçilik və məhsul istehsalına görə veriləcək subsidiyanın məbləği müəyyənləşdiriləcək. Bu zaman regionlar və məhsul istehsalı əsas götürüləcək. Regionlarda ənənəvi və ixtisaslaşmış məhsul istehsalının genişləndirilməsinə imkan verəcək, digər tərəfdən məhsul istehsalının daxili bazara və ixrac imkanlarına uyğun olaraq təşviqinə şərait yaradacaq”,-Hüseynov əlavə edib.

Nazirlik əməkdaşı deyib ki, fermerin verdiyi məlumat yoxlanılacaq, monitorinq aparılacaq: “Baza məbləği 200 manat olmaqla, əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkilərinin növləri üzrə müəyyən edilib. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar bu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında bir hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib”.

Hüseynov qeyd edib ki, tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir. Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Amma məsələn, Gəncədə tütün əkərlər və bu nəticə verəcəksə gələcəkdə onlara da subsidiya veriləcək, yəni bu çevik mexanizmdir.

“Bu qərar həm də ona əsas verir ki, fermerlər özləri ilə bağlı doğru məlumat versinlər. Fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdiyi məlumat operativ yoxlanılacaq. Əgər daxil edilən informasiyada 5 faizə  qədər səhv məlumat aşkarlanarsa fermerə subsidiya veriləcək. Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz arasıda olarsa fermer 1 il müddətinə, 50 faizdən çox olarsa fermer 2 il müddətinə subsidiyadan məhrum ediləcək”.