“Sülh müqaviləsi” bu il imzalanmasa, Paşinyan koçaryanlaşacaq” –ZAHİD ORUC

“Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdurma məqsədlərindən xəbər verir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, işğalçı və separatizmə dəstək verən dövlətlər demokratik sayıla bilməz: “Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir, uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq. Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq. Xankəndi erməniləri ilə birgə yaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. “Human Rihgts Watch” son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində, belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər. “Wikileaks” sənədləri göstərir ki, İlham Əliyev on illərlə Amerika və Qərb liderlər ölkəmizin təhlükəsizliyinə təminat vermədən, işğala son qoymadan diqtə altında hakimiyyət qurmağın xaosa səbəb olacağına inandırmağa çalışıb. Əfqanıstanda 20 il ərzində 800 milyard dollar xərcləyəndən sonra qurulan ordu və hökumətin cəmi bir həftə tab gətirdiyini heç kəs unutmur. Geni modifikasiya olunan meyvələr kimi demokratiya idxal olunanda süni, qanlı və davamsız olur. Silahlı və ya məxməri çevrilişlərlə hakimiyyətə gələnləri “Demokratiya zirvələr”nə çağıranlar, dünyanı siyasi qütblərə ayıranlar bir də onda ayıldılar ki, Rusiya da onlar kimi Ukraynada özünə təhlükə törətməyən hakimiyyət qurur. 100 minlərlə insanın ölümünə səbəb olan müharibəyə xərclədikləri 150 milyard dollarlıq hərbi yardımı dağılmamış Ukraynaya versəydilər, demokratiya ixracına ehtiyac qalmazdı. Əlbəttə, ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi iş hələ çoxdur. Lakin 90-cı illərdə beynəlxalq hesabatlarda bizə ön yeri verənlər, torpaqlarımız işğala uğrayanda ermənilərə yardım etdilər. 2020-ci ildə isə ordumuz Şuşanı fəth edərkən, xarici indekslərin heç bir əhəmiyyəti qalmadı.

Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir. Əslində 44 günlük müharibə həm də Ali Baş Komandan İlham Əliyevə ümumxalq səsverməsiydi və bunun milli iradəni göstərən ən böyük seçim olduğunu hamı bilməlidir”.

 

 

Əvvəlki məqalə

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub

Sonrakı məqalə

Rusiya Polşa səfirliyinin hesablarını bloklayıb