“Sumqayıt hadisəsini SSRİ, Azərbaycan və Ermənistan DTK-sı təşkil etmişdi” –SSRİ-nin sabiq dövlət xadimi Yakovlev nələri açıqlayıb?

“1988-ci il Sumqayıt hadisələrini SSRİ, Azərbaycan və Ermənistan Dövlət Təhlükəsizlik Komitələri təşkil etmişdi”.

Azpost.info bildirir ki, bu sözləri 1988-1991-cı illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, ideoloji məsələlər üzrə katib  Aleksandr Yakovlev 1992-2005-ci illərdə KİV-lərə verdiyi müsahibələrin toplandığı “Seçilmiş müsahibələr” kitabındakı intervüsündə deyib.

Kitabdan parçaları professor Cəmil Həsənli paylaşıb. Kitab 2009-cu ildə nəşr olunub.

A.Yakovlev SSRİ-də 1985-ci ildə elan edilmiş Yenidənqurma siyasi xəttinin ideoloji lideri sayılırdı.

A.Yakovlev bu kitabındakı müsahibəsində Sumqayıt hadisələrinin DTK tərəfindən təşkil olunduğunu təsdiqləyib: “Mən o zaman buna əmin idim, indi də buna tam inanıram. Təəssüf ki, Qorbaçovu bunun kortəbii kütləvi iğtişaş deyil, təşkil olunmuş iğtişaş olduğuna inandıra bilmədim. Bu, Qorbaçovu “dişə vurmaq”, “zərb-dəsti”ni yoxlamaq üçün törədilmiş təxribat idi. O zaman mən hadisənin araşdırılması üçün müstəqil komissiyanın və məhkəmənin yaradılmasına israr elədim. Bu məhkəməyə Rusiya, Azərbaycan və Ermənistan DTK-nın buraxılmamasını tələb edirdim”.

Sabiq sovet dövlət xadiminin sözlərinə görə, SSRİ-də həmişi Kommunist partiyası və DTK-nın “ikihakimiyyətliliyi” olub: “Odur ki, hesab edirəm ki, bu baş verən hadisəni həmin cəza orqanları təşkil etmişdilər. Onlar hamıdan əvvəl başa düşdülər ki, hakimiyyət əllərindən çıxır. Anladılar ki, onlar olduqları yerə göndəriləcəklər – dövlət təhlükəsizliyinin qorunmasına”.

Yakovlev deyib ki, yenidənqurma illərində milli münaqişə ocaqlarının alovlanması önlar üçün gözlənilməz olub. “Bunu təsəvvür etmək çətin idi. Biz heç onun hayında deyildik”.

O, SSRİ Prezidenti Mixail Qorbaçovla fikir ayrılıqlarının nə üçün yaranmasında da aydınlıq gətirib. “Litvada baş verən hadisələrə qiymət verilməsində onunla razılaşmadım. Mən daha ciddi təhqiqatın aparılmasına israr ediridm. Buna görə istefaya getdim. Tam buna görə olmasa da bu əsas səbəb oldu. Digər səbəb yeni hazırlanan İttifaq Müqaviləsi ilə bağlı idi. Mən yeni ittifaqın federasiya deyil, könüllü konfedrasiya əsasında qurulmasının tərəfdarı idim. Hesab ediridm ki, fedarasiya “qatarı” artıq gedib. Bu məsələdə Qorbaçovla fikir ayrılığımız yarandı. Mən hətta müqavilənin müzakirə edildiyi “Novo –Oqoryevo” görüşlərində də iştirak etmirdim. Biliridm ki, bu növbəti baş aldatmadır”.

A.Yakovlev 1985-ci ildə Sov.İKP MK-nın təbliğat şöbəsinin rəhbəri təyin olunub. 1986-cı ildə Mərkəzi Komitənin üzvü seçilib. Mərkəzi Komitənin katibi kimi ideologiya, informasiya və mədəniyyət məsələlərinə cavabdeh olub.  1987-ci ilin iyun plenumunda Siyasi Büronun üzvü seçilib.  SSRİ Prezidentinin baş müşaviri olub. 27 iyul 1991-ci ildə bu vəzifədən istefa verib.

1995-2000-ci illərdə Rusiya sosial-demokrat partiyasının sədri olub. 2005-ci ildə vəfat edib.

Azpost.info

Əvvəlki məqalə

Buz dövründə Avropaya köç edənlər necə sağ qalıb? –

Sonrakı məqalə

AZTV Heydər Əliyevin şəxsən iştirak etdiyi DTK əməliyyatları barədə film hazırlayıb