“1993-cü ilin iyununda AXC hakimiyyətinin Gəncədə Sürət Hüseynova qarşı keçirdiyi “Tufan” əməliyyatı prezident Elçibəyin yanında müzakirə edilib. Qanuna zidd olaraq, ayrıca sərəncam olmadan Ali Sovetin sədri və Baş nazir bu məsələdə rəhbər rol oynayıblar. Ordudan daxili məsələlərdə pralamentin qərarı olmadan istifadə edilibsə, bu da qanun pozuntusudur”.
Azpost.info bildirir ki, bu sözləri AMİP lideri Etibar Məmmədov iyun qiyamı ilə bağlı moderator.az-a danışarkən deyib.
E.Məmmədovun sözlərinə görə, həmin dövrdə çoxları deyirdi ki, mənim heç nədən xəbərim yoxdur: “Lakin 25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin Şuranın sədri prezident Elçibəy özü olub. Bu məsələlər dövlət başçısının yanında müzakirə olunub. Yəni qanunsuzluq çox olub və heç kəs də bunu boynundan atmamalıdır. AXC iqtidarında sözügedən əməliyyatdan hamının da xəbəri olub. Sadəcə, həmin əməliyyatı uğursuz və bacarıqsız hazırlayıblar və nəticədə də ölkə də həmin qarşıdurma və xaos yaranıb” – deyə partiya lideri vurğulayıb.
Qiyamçı polkovnik Surət Hüseynovun Rusiyanın agenti olması barədə ittihamlara müansibət bildirən E. Məmmədov bildirib ki, kiminsə hansısa xarici qüvvələrə, xüsusi xidmət orqanlarına bağlılığını sübut etmək üçün bunu hüquqi əsaslarla, faktlarla sübut etməlidir. Eyni zamanda təqsirsizlik prezumpsiyası var və bu, dünyada da qəbul olunub, Azərbaycan qanunvericiliyində də var: “Yəni kimsə özünün günahsız olduğunu sübut etməməlidir. Kimlərsə hansısa şəxsi itiham edirlərsə, sübut irəli sürməlidir. O dövrdə hakimiyyətdə olanlar vaxtında kimin xarici dövlətlərlə əlaqədə olması, dövlət əleyhinə işləməsini əllərində olan xüsusi orqanlar vasitəsilə müəyən etməli və əsaslı ittihamlar irəli sürməli idilər. Bu halda da fərziyyə kimi söylənilənlər sübuta yetirilməlidir. Lakin heç də kimlərsə kiminsə tam günahsız olduğunu da iddia edə bilməz. Surət Hüseynovun da xidmətlərinə qiyməti məhz AXC hakimiyyəti verib. Ona Milli Qəhrəman adı verib, korpus komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndə, baş nazirin müavini vəzifələrinə təyin edib. Görünür, onlar hansısa xidmətlərini nəzərə alıblar ki, bu səlahiyyət, vəzifə və fəxri adı Surət Hüseynova veriblər”-deyə Etibar Məmmədov bildirib.