“Təcrübəm də var, səbrim də…”-Ziyad Səmədzadə seçicilərlə görüşdü /FOTO

13 avqust 2024-cü il tarixində Bakı şəhərinin Səbail rayonunda yerləşən 2 nömrəli Texniki-Humanitar Liseydə tanınmış ictimai-siyasi xadim, akademik, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadə ilə görüş keçirilib.

Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi çərçivəsində baş tutan ikinci görüş də izdihamlılığı ilə baş tutub.

Yüzdən çox insan-seçici, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, iş adamları görüşə qatılıblar. Görüşdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ziyad Səmədzadənin keçdiyi şərəfli həyat yolundan, ictimai-siyasi fəaliyyətindən, elmi yaradıcılığından geniş söhbət açılıb. Onun Azərbaycan elminə, Azərbaycan mədəniyyətinə, Azərbaycan ictimai-siyasihəyatına verdiyi töhfələrdən bəhs olunub.

Auditorlar Palatasının sədr müavini Səbuhi Gülməmmədov bildirib ki, Ziyad Səmədzadəni xüsusi tanıtmağa ehtiyac yoxdur, onu Azərbaycanda 18 yaşdan yuxarı olan hər kəs, bütün nəsil yaxşı tanıyır.

Onun sözlərinə görə, çünki Ziyad Səmədzadə hər zaman xalqın içərisində olub, xalqdan biri, xalqın adamı olub.

Tanınmış iqtisadçı, iş adamı Eldar Təhməzov çıxışında ötən əsrin 90-ci illərində, müstəqilliyin ilk dövrlərində Azərbaycan iqtisadiyyatının geriləməsinə, tənəzzül mərhələsinə diqqət yönəldib və bildirib ki, həmin illərdə Azərbaycanın dövlət büdcəsi cəmi 500 milyon manat idi.

Qeyd edib ki, həmin dövrdə görkəmli iqtisadçı, tanınmış ictimai-siyasi xadim Ziyad Səmədzadə və onun ətrafında cəm olan iqtisadçılar Azərbaycan iqtisadiyyatının, ölkə sənayesinin, xüsusilə, qeyri-neft sənayesinin inkişafı ilə bağlı öz qiymətli elmi təkliflərini irəli sürüb, prosesə töhfələrini veriblər.

“Məhz bundan sonra Sahibkarlığın İnkişafına Yardım Fondu yaradıldı. Məhz bundan sonra Azərbaycan sahibkarlarının pula, maliyyə vəsaitinə əlçatanlığı təmin edildi. Bu işlərdə Ziyad müəllimin xidmətləri çox böyükdür və bu, çoxlarına məlumdur”-deyə, E.Təhməzov sözlərinə əlavə edib.

Tanınmış yazıçı-dramaturq Əmir Pəhləvan isə çıxışında Ziyad Səmədzadəni Azərbaycanın Böyük Kişilərindən biri və canlı klassik kimi dəyərləndirib.

“Ziyad Səmədzadə adı, Ziyad Səmədzadə fiquru Azərbaycan, bu Vətən, bu Dövlət, bu Millət adına xeyir gətirən adlardan, fiqurlardandır. Tarixən, əsrlər boyu Azərbaycanda Böyük Kişilər olub. Ziyad müəllim də birmənalı şəkildə həmin Böyük Kişilərdəndir. O, həm də canlı klassikdir”-deyən Ə.Pəhləvan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan parlamentində baş verənlərə toxunub və ən gərgin situasiyalarda Ziyad Səmədzadənin bir ictimai-siyasi xadim, bir ziyalı, bir ağsaqqal kimi çox müdrik addımlar atdığını, yaranmış gərginliyi məharətlə aradan qaldırdığını xatırladıb.

O, çıxışının sonunda seçki prosesinə və Ziyad Səmədzadəyə həsr etdiyi şeirini səsləndirib və görüş iştirakçıları tərəfindən alqışlanıb.

“SEÇİM SİZİNKİDİR, DÜZƏ SƏS VERİN!” şerini olduğu kimi təqdim edirik:

Biz yenə görüşdük, ay əzizlərim,

Yenə görüşdürdü istəklər bizi,

O dəfə çin oldu, vədim, sözlərim,

Bu dəfə göstərin iradənizi.

Həmişə mən Sizə arxalanmışam,

Gərək səsinizi cahana yayam,

Həmişə yolumda olubsunuz şam,

O nuru mən geri qaytarmalıyam.

“Millət”-deyənləri, “bal” yeyənləri,

Hamınız, hamınız tanımalısız,

Sizlərə “gəl”-deyib, “can” deyənləri

– Özünüz birəbir sınamalısız.

Siz ey sevənlərim, səs verənlərim,

Sizlərə Göy qədər məhəbbətim var,

Qayadan möhkəməm, bulaqdan həlim,

Mənim də bax belə təbiətim var.

Mən sizin adamam – sadə, işgüzar,

Həmişə yaratmaq diləyindəyəm,

Xoşbəxtəm- sizlər tək tərəfdarım var,

Xoşbəxtəm – sizlərin ürəyindəyəm.

Biz yenə görüşdük, ay əzizlərim,

Yenə görüşdürdü istəklər bizi,

O dəfə çin oldu vədim, sözlərim,

Bu dəfə – göstərin iradənizi.

Həmişə mən sizə arxalanmışam,

Gərək səsinizi aləmə yayam,

Həmişə yolumda olubsunuz şam,

O nuru mən geri qaytarmalıyam.

İndi söz də sizin, meydan da sizin,

Ən doğru, ən dürüst sözə səs verin,

İşığı var olsun ürəyinizin,

Haqqa, ədalətə, düzə səs verin.

Əməkdar elm xadimi, professor Rafiq Hüseynov çıxışında bildirib ki, hər zaman yaxşı mənada Ziyad Səmədzadədən nələrisə əxz etməyə, mənimsəməyə çalışıb.

“Bu, heç də plagiatlıq deyil, bu, Böyük İnsandan öyrənmək, əxz etməkdir”-deyə, o, vurğulayıb.

Sonda söz Ziyad Səmədzadəyə verilib.

Görüşə gəldikləri üçün hər kəsə minnətdarlığını ifadə edib.

Bir daha taleyindən razı olduğunu,ömrünü Azərbaycan elminə, Azərbaycan dövlətinə və onun inkişafına həsr etdiyini, Azərbaycanı beynəlxalq arenada və dünyada tanıtmağa çalışdığını bildirib.

“Çünki bir parlamentari kimi bizim ilk növbədə vəzifəmiz, borcumuz Azərbaycanı dünyada tanıtmaq, onu layiqincə təmsil etməkdir. O vaxtlar-müstəqilliyimizin ilk illərində də, elə indinin özündə də bir çoxları Azərbaycanı, onun müstəqil dövlətçilik xəttini, inkişafını qəbul etmək istəmirdilər, istəmirlər. Azərbaycana nələrisə diktə etməyə, “bunu edin, o edin”-deyə təzyiq göstərməyə çalışırdılar. Bu gün də belə meyllər var. Bunları-bu meylləri, bu təzyiqləri neytrallaşdırmaq üçün də vacib, önəmli, müdrik addımlar atmaq lazım idi.

İstər Ulu Öndər Heydər Əliyevin dövründə, istərsə onun siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hakimiyyəti dönəmində çox düşünülmüş, müdrik addımlar atıldı. Bu gün artıq bütün dünya bizimlə hesablaşır və hesablaşmağa məcburdur. Bəli, bizlər də bu işlərə öz töhfəmizi verməli, hər fürsətdə Azərbaycanı dünyada tanıtmalıyıq. Bu baxımdan da, parlamentdə peşəkarlara, təcrübəli insanlara ehtiyac var. Qeyri-təvazökarlıq olmasın, özümdə belə potensialı görürəm, təcrübəm də, biliyim də, səbrim də var-deyə, Ziyad Səmədzadə sonra qeyd edib.

Daha sonra“Söz verirəm ki, yenidən etimad göstəriləcəyi təqdirdə, hər zaman və daha sıx şəkildə seçiçilərimin yanında olacağam. Telefonum da, qapım da hər zaman üzünüzə açıq olacaq”-deyə, Ziyad Səmədzadə fikirlərini tamamlayıb.

 

Əvvəlki məqalə

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib

Sonrakı məqalə

Çin kosmik raketinin partladığını etiraf edib