Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Serbiya DİN rəhbəri ilə görüşüb –

FOTO
11 Avqust 2020 - 11:24

Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçlə görüş keçirilir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak edirlər.

Görüşdə iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.