“Tələsik sülh bizə lazım deyil” –EKSPERT RƏYİ

Azərbaycanla Ermənistan arasında sülh sazişinin yaxın zamanlarda imzalana biləcəyi ilə bağlı fikirlər geniş vüsət almaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın bu yaxınlarda parlamentin iclasında “Azərbaycanla sülh sazişi üzrə üç prinsip razılaşdırılıb, siyasi iradə olarsa, saziş tezliklə imzalana bilər” deməsi və yenidən İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi analitiklərdə sülhə yaxınlaşma qənaəti formalaşdırır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da hesab edir ki, sülh sazişinin imzalanması yaxınlarda mümkündür: “İlin axırına kimi sülh müqaviləsi imzalanmasa da, ilkin çərçivə sazişinə qoy çəkilməsi gözləniləndir. Bu halda, biz gələn ilin ortalarınadək yekun sülh sazişinin imzalanmasının şahidi ola bilərik”.

Ekspert fikrini belə əsaslandırır ki, artıq Qarabağ münaqişəsi bitib, Azərbaycan ərazilərinin tamamında suverenliyini bərpa edib: “Əvvəl Paşinyan sülh sazişi məsələsində “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmini” məsələsindən danışırdı, bu olmadan sülh sazişinin imzalanmasının çətin olacağını vurğulayırdı. Eyni zamanda, Paşinyana diasporanın təzyiqləri var idi, bildirirdilər ki, Qarabağ məsələsi həll olmadan sülh ola bilməz və s. Amma indi məsələ bitib, Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinə təminat verir, kim istəsə qayıdıb yaşaya bilər, vətəndaş kimi bütün hüquqlarından istifadə edə bilər. Bu isə Paşinyana şans verir ki, sülh sazişinə imza ata bilsin”.

“İrəvandan verilən rəsmi bəyanatların təhlili onu göstərir ki, Ermənistan tərəfi sülh sazişinin onların dövlətinin, millətinin xilası olacağını başa düşür. Anlayırlar ki, sülhdən başqa yolları qalmayıb. Bu halda, təbii ki, kənar müdaxilələr olmasa, təxribatlar baş verməsə, sülh sazişinin yaxın gələcəkdə imzalanması mümkündür”, – İ.İsmayıl əlavə edib.

Ekspert Azərbaycanın da diplomatik təzyiqlərini artırmalı olduğunu vurğulayıb: “Əlbəttə, tələsik sülh bizə lazım deyil. Müqavilə hərtərəfli hazırlanmalı, Azərbaycanın bütün maraqlarına uyğun olmalıdır. Amma zamanın uzanması da bir çox məqamlara görə Azərbaycanın ziyanınadır. Ona görə də təzyiq gücləndirilməli, İrəvanın çox zaman qazanmasına imkan verilməməlidir”.

Anar ABDULLA

Azpost.info

Əvvəlki məqalə

Cəbrayılda Xudafərin kəndi yaxınlığında gizlədilən narkotik aşkarlanıb

Sonrakı məqalə

“Qəzzadan kadrları sakit qəbul edənlərin ürəyi daşdandır”