Telefon pulu artırıldı –QƏRAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı Şuraya müraciət edib.

Tarif Şurasından verilən xəbərə görə, müraciətdə qeyd edilir ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır.

Xidmətlərlə bağlı 02.12.2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.

Müzakirələrdən sonra sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb.

Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir.

Əvvəlki məqalə

Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılıya hökm oxundu

Sonrakı məqalə

Ukrayna vətəndaşlarına Rusiyaya vizasız giriş icazəsi verildi