Ukrayna prezidenti Vladimir Zelenski Donbas münaqişəsinin həllinə dair “Ştaynmayer formulu” adlanan təkliflər paketinin tətbiqinə razılıq verib.
Şərqi Ukraynadakı vəziyyətin tənzimlənməsi üzrə üçtərəfli əlaqə qrupunun nümayəndələri çərşənbə axşamı Minskdə Donbasa xüsusi statusun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb.
Qeyd edək ki, 2015-ci ildə Almaniya hökuməti tərəfindən Minsk sazişinin mərhələlərindən birinin implementasiyası kimi irəli sürülən “yol xəritəsi” Ukrayna və Rusiya arasında qarşılıqlı güzəştləri nəzərdə tutur.
Siyasi müşahiəçilər isə “Ştaynmayer formulu”nun Ermənistan-Azərbaycan münaqişənin həllində presedentə çevrilmək ehtimallarını təhlil edir.
Belə ki, MDB məkanında əsas münaqişələrdən birinin həlli istiqamətində kompromis tapılarsa, bu dağlıq Qarabağ probleminin aradan qaldırılmasına yol aça bilərmi?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri ilə Donbasdakı fərqli şərait “Ştaynmayer formulu”nu Dağlıq Qarabağa tətbiq etməyə mane olur: “Dağlıq Qarabağda ermənilər tərəfindən Azərbaycan əhalisinin total etnik təmizlənməsi faktı bu bölgədə “Ştaynmayer formulu”nu tətbiq etməyə imkan vermir. İkincisi, həmin formulun şərtləri Azərbaycan üçün aktual deyil. Çünki Paşinyan artıq bəyan edib ki, Dağlıq Qarabağ Ermənistandır! Əslində, bu siyasəti Ermənistan əvvəldən yürüdür. Yəni Ermənistan SSRİ-nin tərkibində olarkən “Miatsum” şüarı ilə Azərbaycan torpaqlarını ilhaq etmək niyyətini həyata keçirməyə başlayıb. İllər boyu bu siyasət tətbiq olunub. Yəni ərazi iddialarının tətbiq olunması, hərbi işğal, total etnik təmizləmələr və ilhaq yolu ilə həmin ərazilərin Ermənistana birləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Ermənistan bu mərhələləri keçib. Ona görə də Paşinyan özündən yeni heç nə icad etməyib. O, sadəcə olaraq, Ermənistanın real siyasətini əks etdirən vəziyyəti deyib. “Ştaynmayer formulu” hərbi əməliyyatların dayandırılmasını, beynəlxalq müşahidəçilərin nəzarəti altında yerli özününidarə etmə orqanlarına seçkilərin keçirilməsini və guya ki, Rusiya ordusunun Donbasdan çəkilməsini və Ukraynanın nəzarətinə verilməsini nəzərdə tutur. Amma sonuncu iki bənd barədə dəqiq məlumat yoxdur. Müzakirələr əvvəlki bəndlər ətrafında aparılır”.