Azərbaycanda həyətyanı torpaq sahəsinə dair yalnız plan-ölçü sənədi olan, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilməyən vətəndaşlar üçün mühüm dəyişiklik təklif olunur.

Azpost.info bildirir ki, yeni qanun layihəsi qəbul edilərsə, müəyyən tarixədək verilmiş plan-ölçü sənədləri torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas sayılacaq. Bu isə illərdir torpağının hüquqi statusunu rəsmiləşdirə bilməyən insanların probleminin həllinə imkan yarada bilər.

Problem nədən yaranıb?

Məsələnin kökü torpaq islahatı və sonrakı sənədləşmə prosesində yaranmış fərqlə bağlıdır.

“Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaq sahələri üzrə əvvəlcə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edib. Bu proses 2006-cı il iyulun 6-dək davam edib.

Həmin tarixdən sonra daşınmaz əmlak üzərində hüquqları təsdiq edən əsas sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanılıb. Şəhadətnamələrin verilməsi dayandırılıb, vətəndaşlara isə torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilib. Bununla eyni torpaq islahatı çərçivəsində torpaq alan vətəndaşlar arasında sənədləşmə baxımından fərq yaranıb: bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əldə edib, digər qismi isə yalnız plan-ölçü sənədi ilə kifayətlənməli olub.

Plan-ölçü sənədi niyə kifayət etmirdi?

Plan-ölçü sənədi torpaq sahəsinin yerləşməsini, sərhədlərini və ölçülərini müəyyənləşdirən texniki sənəddir. Lakin indiyədək bu sənəd özlüyündə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilməyib. Bu səbəbdən həmin sənədi olan vətəndaşlar torpaq sahələrini dövlət reyestrində öz adlarına rəsmiləşdirə və mülkiyyət hüququnu təsdiqləyən çıxarış ala bilməyiblər. Nəticədə vətəndaş torpağın ona ayrıldığını təsdiq edən sənədə malik olsa da, hüquqi baxımdan mülkiyyətçi statusunu rəsmiləşdirməkdə çətinlik çəkib. Bu vəziyyət torpağın satılması, bağışlanması, vərəsəlik qaydasında keçirilməsi və digər əmlak əməliyyatları zamanı da problemlər yarada bilərdi.

Oxşar vəziyyət bələdiyyələr tərəfindən ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006–2015-ci illərdə plan-ölçü sənədi tərtib edilmiş həyətyanı torpaq sahələrində də mövcud olub.

Yeni dəyişiklik kimlərə şamil ediləcək?

Milli Məclisdə noyabrın 27-də müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədləri həmin torpaqlar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.

Bu, ilk növbədə, torpaq islahatı çərçivəsində həyətyanı sahə almış, yaxud bələdiyyə tərəfindən torpaq ayrılmış, lakin əlində yalnız plan-ölçü sənədi olduğu üçün çıxarış ala bilməyən vətəndaşlara aiddir.

Vətəndaşlar nə əldə edə biləcək?

Dəyişiklik qəbul edilərsə, qanunun əhatə etdiyi plan-ölçü sənədləri əsasında torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olacaq. Bununla da vətəndaşlar hüquqlarını rəsmiləşdirərək dövlət reyestrindən çıxarış əldə etmək imkanı qazanacaqlar.

Sənəd noyabrın 27-də parlamentdə müzakirəyə çıxarılacaq. 

Dəyişiklik torpaq sahəsinin faktiki mövcudluğunu və ölçülərini göstərən texniki sənədlə mülkiyyət hüququnun rəsmiləşdirilməsi arasındakı uzun müddətdir davam edən boşluğu aradan qaldırmağa yönəlib. Əgər təklif qəbul edilərsə, illərdir çıxarış ala bilməyən bir qrup vətəndaş üçün torpaqlarını hüquqi baxımdan tam rəsmiləşdirmək yolu açıla bilər.

Samir Abdulla