“47 siyasi partiyadan gələn 250 təklif qruplaşdırılıb”.
Bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z. Oruc bildirib ki, siyasi partiyaların fəaliyyətinə yalnız dövlət qeydiyyata alındıqdan sonra icazə verilməsi təklifi 5 partiya tərəfindən irəli sürülüb: “İndiki qanun layihəsində bu, daha da konkretləşdirilir və siyasi partiyalar hüquqi şəxs olmalıdır tələbi qoyulur. Bu, Venesiya Komissiyasının tövsiyə sənədlərində də yer alır. Dövlət maliyyə yardımının xərclənməsinə nəzarətin Hesablama Palatası tərəfindən aparılması təklif edilib.
Bazar qiymətindən aşağı olan hər hansı mülkün ianə sayılması Ana Vətən Partiyası tərəfindən irəli sürülüb və qanun layihəsində yer alıb. Milli Cəbhə və digər bir neçə partiya partiyalarla bağlı işlərə apelyasiya məhkəməsində baxılmasını təklif edib.
Digər təklif seçkilərdə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlıdır. Bəziləri bunu partiyanın 2 dəfə seçkilərdə iştirak etmədikdə, bəziləri isə 3 dəfə iştirak etmədikdə ləğv olunması təklifi ilə çıxış edib. Bəziləri ardıcıl 2 parlament seçkilərində iştirak etmədikdə, bəziləri isə həm parlament, həm bələdiyyə seçkilərində iştirak etmədikdə siyasi partiyaların qeydiyyatının ləğv edilməsini irəli sürüb.
Qanunvericiliyi pozaraq, qəbul edilən ianələrin dövlət büdcəsinə qaytarılması təklifi ilə Sosial Rifah partiyası çıxış edib. Mühüm məsələlərdən biri yaşama müddətinə dair məhdudiyyətlərlə bağlıdır. Azərbaycan Yüksəliş Partiyası bunu 5 il, REAL Partiyası daimi, bəzi partiyalar 15 il yaşama müddətinin qoyulması təklifləri irəli sürüb.
Partiyaların təsis olunduqdan sonra hüquqi qeydiyyata alınana qədər bəlli zaman keçməsi təklifi də qanunda əksini tapıb.
Partiyalar 2 mərhələdə qeydiyyata alınacaq. Siyasi partiyalar adından digər təsisçilər tərəfindən iddialar irəli sürülməməsi ilə bağlı təkliflər də var. Gerçəkdən də bu məsələ ilə bağlı müxtəlif vaxtlarda Azərbaycanda belə problemlər ortaya çıxıb. Layihədə əks olunmayan təkliflər də var. Bunlardan biri siyasi partiyalara ayrılan dövlət vəsaiti ilə bağlı təkliflərdir. Siyasi partiyaların mülkiyyətində torpağın olmaması ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklifi də qanunda yer almayıb. Siyasi partiyaların rəhbərlərinə toxunulmazlıq verilməsi təklifi də irəli sürülüb. Siyasi partiyaların rəhbərlərinə diplomatik pasportların verilməsi təklifi ilə AĞ Partiya və digər partiyalar çıxış edib”.