Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Donald Tramp görüşüb.
İki liderin Pekində ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməyə başladığı bildirilir.
Qeyd edək ki, 15 maya qədər Çində olacaq Trampın səfərinin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də gözlənilən ABŞ-İran münaqişəsi də daxil olmaqla qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.
ABŞ prezidenti Donald Tramp ABŞ-Çin münasibətlərinin ən yaxşı nöqtəsinə çatacağına ümid etdiyini bildirib.
Tramp bu barədə Çin lideri Si Cinpin ilə görüşü zamanı danışıb.
“Sizinlə birlikdə olmaq şərəfdir. Sizin dostunuz olmaq şərəfdir. Çin ilə ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı olacaq, Qarşımızda parlaq bir gələcək var”, – Tramp bildirib.
“Çin və ABŞ tərəfdaşlıq qurmalı və bütün dünyanın rifahı üçün sabit ikitərəfli əlaqələr təmin etməlidir”.
Bunu Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib.
“Prezident Trampla ölkələrimiz və dünya ilə bağlı əsas məsələlər barədə fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm ki, birlikdə düzgün kurs təyin edə və Çin-ABŞ münasibətlərinin böyük gəmisini effektiv şəkildə idarə edə bilək”, – o deyib.
Si Cinpin onu da qeyd edib ki, 2026-cı il iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi və əlamətdar bir il olmalıdır.
Dövlət başçısı bundan başqa Çin və ABŞ arasında qarşıdurmanın qarşılıqlı zərərə səbəb olacağını, iki tərəfin rəqib deyil, tərəfdaş olmalı olduğunu bildirib.
“Ölkələrimiz arasında qarşıdurma qarşılıqlı zərərə səbəb olacaq. Buna görə də biz rəqib deyil, tərəfdaş olmalıyıq”, – Çin lideri əlavə edib.