ABŞ bildirib ki, Kazandakı sammitdə iştirak edən ölkələrlə qarşılıqlı fəaliyyəti davam etdirəcək və BRİKS-i geosiyasi rəqibi kimi görmür.
“Biz hesab edirik ki, ölkələr öz xarici siyasətlərini müəyyən edə və əməkdaşlıq etmək istədikləri istənilən ölkə və qrupları seçə bilərlər”, -deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bildirib.
“Biz geniş koalisiyalar qurmaq və ortaq məqsədlərlə nail olmaq üçün bütün dünyadakı tərəfdaşlarımızla işləməyə diqqət yetiririk”, deyə Patel əlavə edib.
Onun şərhləri Rusiyanın bütün ölkələri Kazanda BRİKS-in sammitinə çağırdığı və Qərbə qarşı “yeni dünya nizamı” qurmaq ideyasını təşviq etdiyi bir anda səslənib.
“BRİKS-ə gəlincə, biz Braziliya, Cənubi Afrika və Hindistanla işləməyə və möhkəm əlaqələr saxlamağa davam edəcəyik. Biz 21-ci əsrin müəyyən etdiyi bir çox mühüm sahələrdə bu ölkələrlə ikitərəfli əsaslarla işləyirik”.
Çinə gəlincə, ABŞ-ın məqsədi “məsuliyyətli münasibətlər” saxlamaqdır. Dünyanın qalan hissəsi super güclərdən bunu gözləyir, deyə Patel bildirib.
Rusiyaya gəlincə: “Biz Rusiyanın təcavüzünü dəf etməyə davam edəcəyik və istənilən ölkəyə başa salacağıq ki, Rusiya ilə əvvəlki kimi işləmək olmaz”, deyə o qeyd edib.
Turan-ın müxbiri Patelə Türkiyənin BRİKS-ə üzvlük haqqında müraciətinə dair sual verib. “Bu məsələ türkiyəli tərəfdaşlarımızla müzakirə olunacaq”,- deyə Patel bildirib. “Türkiyə NATO-nun mühüm və həyati əhəmiyyətə malik müttəfiqidir”, deyə o, əlavə edib.