“Hələlik Ukrayna məsələsinin nizamlanması üzrə danışıqlar üçün konkret məzmun yoxdur”.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya bildirib.
“Hələlik Ukrayna ilə danışıqların konkret məzmunu yoxdur. Anlaşılmaz siqnallar gəlir, amma onların nə dərəcədə real olduğunu bilmirik. Kiyevə bizimlə hər hansı danışıqlar aparmağa qadağa qoyulub. Hələlik konkret bir şey yoxdur”, – deyə o qeyd edib.
Peskov eyni zamanda vurğulayıb ki, Rusiya böhranın diplomatik yollarla həllinə sadiqdir.
“Biz dəfələrlə demişik ki, vəziyyəti danışıqlar masası arxasında həll etməyə hazırıq. Biz bunda maraqlıyıq. Ancaq yalnız Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq. Orada yazılanların hamısı dəyişməzdir və dəyişdirilə bilməz. Üstəlik, İstanbulda aparılan danışıqlarda olduğu kimi, Ukraynada da rusdilli əhalinin rus dilinə olan hüquqları bizim üçün önəmlidir. Rusiya heç vaxt Ukrayna ərazisinə iddia irəli sürməyib və Kiyevi ələ keçirməyi planlaşdırmayıb. İndi baş verən hər şey bizim və rusdilli vətəndaşların təhlükəsizliyini təmin etmək üçündür”, – “İzvestiya”ya yüksək rütbəli mənbə bildirib.
Rusiya Federasiyası dəfələrlə Ukrayna ilə dialoqa hazır olduğunu bildirib. Xüsusilə, iyunun 14-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın mövqeyini açıqlayıb və Kiyevə hərbi əməliyyatları dayandırmaq yolunu təklif edib. Əsas tələblər arasında Ukrayna qoşunlarının Donetsk, Luqanskdan, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmasıdır.