“Ukraynada müharibə başlayandan Avropadan 5 minə yaxın rus diplomatı qovulub. Bu ölkələrin rəsmi qurumlarına görə, onların çoxu Rusiya kəşfiyyatçıları olub”.
Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
“Moskva casus axınını yenidən bölüşdürməyə çalışdı, bəzən qovulanları digər Aİ ölkələrinə göndərdi. Adətən bu hiylə işləmir, lakin rus diplomatları Avropa vizalarını almağa davam edirlər. Bu, kəşfiyyat zabitlərinə “diplomatik örtük”dən istifadə edərək Aİ-nin 27 ölkəsindən 24-də, həmçinin Norveç, İslandiya və İsveçrədə sərbəst hərəkət etməyə imkan verir”, – nəşr qeyd edir.
Çexiya hakimiyyəti bu praktikanı məhdudlaşdırmaq istəyir. “Financial Times” yazır ki, ötən həftə 12-ci sanksiyalar paketinin müzakirəsi çərçivəsində Praqa Avropa Komissiyasına müvafiq təkliflər təqdim edib və bu təkliflər Aİ ölkələri arasında yayılıb.
Çexiya hakimiyyəti rusiyalı diplomatlara viza və yaşayış izni verməyi, onlara yalnız iznin verildiyi ölkədə qalmağa icazə verməyi təklif edir. Həmçinin yalnız saxtalaşdırılması daha çətin olan biometrik pasportların qəbul edilməsini tövsiyə edir.
Bu arada, Praqa ötən il Rusiya səfirliyinin 70-dən çox əməkdaşını ölkədən çıxarıb.
Bu cür məhdudiyyətlər əhəmiyyətli hüquqi çətinliklərə səbəb olur. Məsələn, Avstriya və İsveçrədə BMT təsisatlarından və idman təşkilatlarından tutmuş, Rusiyanın uzun illərdir əməkdaşlıq etdiyi OPEK-ə qədər bir çox beynəlxalq qurumlar fəaliyyət göstərir. Eyni zamanda, Vyana dünya casusluğunun paytaxtı olaraq qalır, çünki yerli qanunlar yalnız Avstriyaya zərərli fəaliyyətlərə görə təqibə yol verir.
Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi bildirib ki, Vyanada yerləşən 180-dən çox akkreditə olunmuş rus diplomatından ən azı üçdə biri öz statuslarından kəşfiyyat məlumatı toplamaq üçün istifadə edir.
Azpost.info