Ukraynadakı müharibədə döyüşən bütün hindlilər geri qaytarılacaq- Putin Modinin xahişini yerə salmadı

Hindistan Baş naziri Narendra Modinin Rusiya prezidenti Vladimir Putindən xahişindən sonra Rusiya Ukraynadakı müharibəyə cəlb edilmiş bütün hindliləri ölkələrinə geri qaytaracaq.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr NDTV-yə bildiriblər.

Onlar bildiriblər ki, Rusiyada iki günlük səfərdə olan Modi Putinlə şam yeməyində məsələ qaldırıb. Rusiya prezidenti Hindistan Baş nazirinin xahişini yerinə yetirəcəyini və Hindistan vətəndaşlarının vətənlərinə qayıtmasını asanlaşdıracağını vəd edib.

“Sizin öz ideyalarınız var, siz çox enerjili insansınız. Siz Hindistanın və Hindistan xalqının maraqlarına uyğun nəticələr əldə etməyin yollarını bilirsiniz”, – Putin Modi ilə Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi görüşü zamanı deyib.

Hindistan hakimiyyəti hələ ilin əvvəlində Ukraynadakı müharibədə döyüşən vətəndaşları ilə bağlı Moskvaya müraciət etmişdi. Hindistan Xarici İşlər Nazirliyi Rusiya Müdafiə Nazirliyindən hindlilərə müqavilələrin bitməsini gözləmədən ordunu tərk etmələrinə icazə verməsini xahiş etmişdi.

Hindistan XİN hindlilərin aldadaraq Rusiya ordusuna qoşulduqlarını iddia edib. Belə ki, Hindistanda fəaliyyət göstərən işəgötürənlər ölkə vətəndaşlarına Rusiyada yüksək maaşlı iş təklif edir və gənclərə Rusiyanın özəl universitetlərinə qəbul olmaqda köməklik göstərəcəklərini vəd edirdilər.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı Gürcüstanın təşkilata qəbulu prosesini dayandırdı

Sonrakı məqalə

Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlanıb