ÜST-nin Avropa regionunda qızılcaya yoluxma hallarının sayının həyəcanverici artımı müşahidə olunur. Yanvar-oktyabr aylarında regionda 53 üzv dövlətdən 40–ı 30 mindən çox yoluxma halı barədə məlumat təqdim edib, bu isə bütöv 2022-ci il (941 hal) ilə müqayisədə 30 dəfə çoxdur. ÜST xəbərdarlıq edir ki, təcili tədbirlər görülməzsə, bu tendensiya davam edəcək.
Bu barədə BMT-nin Xəbərlər xidməti bildirib.
“Biz regionumuzda qızılcaya yoluxma hallarının sayının otuzqat artımını müşahidə edirik, təxminən 21 min nəfər xəstəxanaya yerləşdirilib, beş nəfər ölüb. Bu, narahatçılıq doğurur, – deyə ÜST-nin Avropa üzrə Regional direktoru Hans Klyuge bildirib. – Vaksinasiya uşaqların bu potensial təhlükəli xəstəlikdən qorunması üçün yeganə yoldur. İnfeksiyanın ötürülməsini dayandırmaq və onun sonrakı yayılmasının qarşısını almaq üçün təcili olaraq vaksinasiya ilə bağlı tədbirlər görmək lazımdır. Bütün ölkələrin qızılcanın eliminasiyası işində əldə edilən nailiyyətləri təhlükə altına qoyan xəstəliyə yoluxma hallarını operativ şəkildə aşkar etməsi və onlara vaxtı-vaxtında reaksiya verməyə hazır olması çox vacibdir”.
Vaksinasiya ilə bağlı boşluqların mövcud olduğu yerdə bütün yaş qruplarının məruz qalacağı xəstəliyə yoluxma halları baş verə bilər. 2023-cü ildə qızılca bütün yaş qrupları arasında yayılır, eyni zamanda ölkələr arasında xəstəliyin yaş strukturunda əhəmiyyətli fərqlər qeyd olunur. Ümumilikdə, beş haldan ikisi 1-4 yaş arasında uşaqlar, hər beş haldan 1-i isə 20 yaşdan yuxarı böyüklərlə əlaqədardır.
Yanvar-oktyabr aylarında 20 918 nəfər xəstəxanaya yerləşdirilib, iki ölkə qızılca ilə bağlı beş ölüm halı haqqında bildirib.
Yoluxma hallarında bu cür artım əsasən Avropa regionu ölkələrində 2020–2022-ci illərdə vaksinasiya prosesinin zəifləməsi ilə izah olunur. COVID-19 pandemiyası bu dövrdə immunizasiya sistemlərinin səmərəliliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı, bu da öz növbəsində vaksinasiyadan keçməmiş və ya tam keçməmiş uşaqların sayının artmasına səbəb oldu.
Dövlətlərin təqdim etdiyi məlumatlara əsasən, ölkələr səviyyəsində qızılca əleyhinə vaksinin ilk dozasının əhatə göstəricisi regionda 2019-cu ildəki 96 faizdən 2022-ci ildəki 93 faizə, ikinci dozasının isə 2019-cu ildəki 92 faizdən 2022-ci ildəki 91 faizə qədər azalıb.
Ümumilikdə, 2020-2022-ci illərdə regionda 1 milyon 800 mindən çox körpəyə qızılca əleyhinə peyvənd vurulmayıb.
Daxili və beynəlxalq nəqliyyat əlaqələrində məhdudiyyətlərin, eləcə də COVID-19 pandemiyası şəraitində tətbiq edilmiş epidemiya əleyhinə tədbirlərin ləğv edilməsi qızılcanın transsərhəd yayılması və onun yerli icmalar səviyyəsində, xüsusilə peyvənd olunmamış və ya tam peyvənd olunmamış əhali arasında ötürülməsi riskini artırıb.
Xəstəliyə yoluxma halları bundan əvvəl qızılcanın endemik xəstəlik kimi eliminasiyası barədə elan etmiş bir çox ölkələrdə qeydə alınıb. Bütün yerli icmalarda uşaq yaşında planlı vaksinasiyanın sabit yüksək göstəriciləri təmin olunmazsa (ən azı 95 faiz) və virusun başqa ölkələrdən idxal ediləcəyi təqdirdə, qızılcanın eliminasiyasına nail olmuş ölkələr hələ də ciddi nəticələrə səbəb olan geniş yayılma riski altındadır.
Qızılcaya yoluxma halları Azərbaycanda da müşahidə olunur. Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi müraciətlə çıxış edərək bildirib ki, uşaqların sağlamlığının mühafizəsinin təmin edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaş arasında olan uşaqlar qızılca, epidemik parotit və məxmərək əleyhinə iki dəfə peyvənd olunmalıdır. Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə onlara ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.