Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb –

RƏSMİ
13 Oktyabr 2021 - 19:47

Baş Prokurorluq itkin düşən daha bir hərbi qulluqçunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, itkin düşmüş daha bir hərbi qulluqçunun –gizir Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılaraq şəxsiyyəti müəyyən edilib. Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

Şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunun Goranlı kəndində dəfn olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi.

Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı.

Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!